Xəlil Rza Ulutürk - "Yavaş-yavaş"

Ədəbiyyat 12:20 / 22.10.2026 Baxış sayı: 737

 

Hər şey yavaş-yavaş olur...

Bu dünyaya gəlişimiz yavaş-yavaş,

Bu dünyadan gedişimiz yavaş-yavaş,

Günlər axır, ilə dönür yavaş-yavaş,

Fil balası filə dönür yavaş-yavaş

Qayğı, əmək-qızıl gülə,

Yağış, yağmur selə dönür yavaş-yavaş,

Çaylar polad sahilləri didir, eşir yavaş-yavaş,

Maviləşir, müdrikləşir, dənizləşir, yavaş-yavaş.

Birdən-birə qalxarmı dağ?

Daş üstünə gələr bir daş,

Təpə qalxıb dağa dönər yavaş-yavaş.

Lapdan alov püskürsə də,

Vulkan özü güc toplayır yavaş-yavaş,

Bəslənilir qanda qeyrət, ürəkdə şir yavaş-yavaş.

İgid bəzən əfəlləşir, əfəl bəzən igidləşir yavaş-yavaş,

Pak ürəyə bəzən qara əl uzanır yavaş-yavaş,

Dar gözlükdən satqınlığa yol uzanır yavaş-yavaş.

Nəfs, tamah güc gələndə, insan dönür canavara yavaş-yavaş,

Mətləbimi qanaydın kaş, biləydin kaş...

Torpaq cənnət ola bilər, yaxud dönər cəhənnəmə yavaş-yavaş.

Sən Dəmirləş! Sən Poladlaş!

Bil ki, ürək döyünmürsə sönə bilər yavaş-yavaş,

El birləşsə, Vətən olar!

Vətən insan yığımına dönə bilər yavaş-yavaş,

Əziz balam, umud qalam!

Bu gün cahan işıqlanır, sevgi, sevinc qönçələnir yavaş-yavaş,

Əjdahalar ölüb gedir, imperiyalar parçalanır yavaş-yavaş.

Sən dağlara qalxmaq üçün əzaba döz, dərdə qatlaş!

Yoxuş dırmaş!

Aşırım aş!

Enmək birdən-birə mümkün, qalxmaq isə yavaş-yavaş