Ay  Bəniz  Əliyar - DƏRD DƏYİRMANI

Ədəbiyyat 11:22 / 22.10.2026 Baxış sayı: 737

 

Yenə tuş gəlmişik bir oyuna biz,

Yenə ayaq açıb, yalan yeriyir.

Bu necə gərdişdi, necə tərs, qəliz,

Canıma canımı alan yeriyir.

 

Göz qalır bərələ, ürək ovlanır,

Bizim ömür adlı vuruşumuz var.

Başımız tovlanır, elə tovlanır,

Guya "biz bilmirik" duruşumuz var.

 

Dərd var damcı boyda, dönüb dağ olur,

Bilmirsən dizinə necə döyəsən.

Ayaqlar baş olur, baş ayaq olur,

Tərsinə fırlanır dünya deyəsən.

 

Yola gətirərik bu "dəyirman"ı,

Başqa zaman, bəlkə, başqa qərinə.

Alanın işi yox, yeyənin canı,

Dünya dərd üyüdür darı yerinə.