Saqif Qaratorpaq - Yuxuda Sevinən Adam
Düşünmək olarmı heç
Bir adamı bu qədər?!
Hər gün ürəyin əsə
Bircə sözündən ötrü,
Darıxasan, öləsən
Ala gözündən ötrü.
Barmaqların tələsə,
Uça adına sarı...
Əl-ayağın göməşə,
Gizildəyə qolların,
Düşə yanına hərdən.
Hər gecə min ah qopa
Sızlayan ürəyindən,
Dağı-daşı yandıra;
Tüstün təpəndən çıxa,
Gözdə yaşı yandıra.
Düşünəsən, hər gecə
Yuxuna qonaq gələ,
Ev-eşiyin sevinə,
Soyuq otağın gülə.
Şıltaq təbəssümünü
Kipriyindən asasan...
Danışa şirin-şirin,
Sən də qulaq asasan.
Ömür-gün çiçəkləyə,
Bahar gələ qoynuna;
Gah əlindən yapışa,
Gah sarıla boynuna...