Şakir  Xanhüseynli - YERİN QULAĞINA DE Kİ...

Ədəbiyyat 09:19 / 19.09.2026 Baxış sayı: 284

 

yer qaçır ayağım altdan,

yerliyindən də qaçırmı;

iti sürətlə yol qaçır,

yolluğundan da qaçırmı...

 

yer də qaçır, yol da qaçır,

niyə qaçır, necə qaçır;

ayaqlarımın altında

yer də qançır, yol da qançır...

 

hərdən sağ ayağım üstdə

duranda görürəm, eyvah,

sol ayağım da göydədi,

yerin üstündəyəm ancaq

və birdən gözümü açıb

nə görsəm yaxşı; yer qaçır;

ağırlığımı tökürəm

yenə etmir xeyir, qaçır;

sən qaçmırsan, yersə qaçır,

aydın olmayan bir hissdi;

özünə də bəlli deyil

nələr olur; bu, çox pisdi...

zəhmin ağır, qəmin ağır,

ağırdı xasiyyətin də;

üstə durduğun yer qaçır,

yüngül olan nə var səndə?

olsun, bunu görmürlər də,

duyan duyur haradasa;

qəlbindən keçəni demək

istəyirsən dağa, daşa...

işdə, yolda, yeriyəndə

ayağın heç sürüşmədi.

bir addımın o birindən

əsla uzağa düşmədi...

sözün birini söylərsən,

o birisi çıxar yaddan;

yerin qulağına de ki,

qaçmasın ayağın altdan...