Şakir Xanhüseyndən İKİ ŞEİR

Ədəbiyyat 17:08 / 10.08.2024 Baxış sayı: 4079

 

1.CIRLAŞMA

(sonet)

Cırlar, cürələr var, ha say-sadala

yadına saldıqca bir-bir onları.

Büküb-bürmələyib at bir kənara

ağıldan, idrakdan kəm olanları...

 

Canının mum kimi əridiyinə,

boğazını tutan bir kor düyünə

Dözməli olursan əli qoynunda,

elə bil dəyirman daşı boynunda...

 

Sözlər ağızlarda dönür zəhərə,

ürəklər get-gedə balacalaşır...

Əgər duqqət etsən sən, zərrə-zərrə,

hüceyrə-hüceyrə insan cırlaşır...

 

Deyirsən gözümü qoy yumum, barı,

Görəndə hər yerdə cır adamları...

2.***

ayaqların odda, əllərin yanır,

bu, necə yanmaqdır, yanır qolların,

yanır göz yaşın, göz bəbəyin yanır,

ürəyin üstə qaç, ürəyin yanır...

 

başını bir qaldır

alov içindən

pəncərədən çölə göz qoyurmuştək...

evin od alıbdı, qurtar evini,

süfrənə bax suyun, çörəyin yanır...

 

qurtar ocağını, yanır ocağın,

qurtar çırağını, yanır çırağın...