Şakir Xanhüseyn : - Dünyanın üstündə ...

Ədəbiyyat 13:47 / 22.04.2025 Baxış sayı: 1006

***

dünyanın üstündə

qırırlar bir-birlərini,

hə, dünyanın üstündə qırırlar bir-birlərini

qırğındı dünyanın üstündə,

hə, qırğındı

dünyanın üstündə--

amma nə qırğındı--

bir-iki qaşığın, çəngəlin,

nə bilim, bir-iki dəmir-dümürün üstündə

hər kəs bir sərhəd daxilində

sərhədsiz acıların buxovunda;

balıqlar necə çırpınır,

bir görsəniz, balıqçı tilovunda...

qırğındı dünyanın üstündə, qırğın,

kimsə qırdığının fərqində deyil,

bəlkə heç qırğının fərqində deyil

meymunlar qaçışır ora-bura,

içinə vəlvələ düşüb çöl heyvanlarının...

baxsan ən ucada, ən dərində qırğın,

dünyanın

heç nəfəs dəyməyən yerlərində qırğın

mən də arğın-yorğun,

sən də-

nə günah var, axı, məndə, ya səndə?..