Rəfail Tağızadə -  Səni bu qədər sevməmişdim

Ədəbiyyat 10:26 / 12.07.2026 Baxış sayı: 417

 

 

Mən səni heç vaxt bu qədər öpməmişdim. Öpməmişdim.

Mən səni bu qədər sevməmişdim. Sevməmişdim.

Bu qədər ayrılıq, intizar görməmişdim. Görməmişdim.

Dərəndən, dağından öpdüm,

ağacından, yarpağından öpdüm,

suyundan, havandan öpdüm.

Küləyini sığalladım,

çiçəyini qoxuladım,

üzümü-üzünə sürtdüm.

Mən səni öpdüm. Öpdüm.

Mən səni heç vaxt belə öpməmişdim.

Mən səni bu qədər sevməmişdim.

Tozundan-torpağından öpdüm,

gülündən, tikanından öpdüm.

Öpüşlərin səsinə ayıldım.

Gördüm boğuluram sənsizliyin içində,

yatağım su içində.

Gah akvariumda,

gah vakuumdakı kimiyəm,

var kimiyəm, yox kimiyəm.

Ağ-qara şəkillərindən öpdüm.

Xatirələrindən öpdüm.

Öpdüm.

Acısı içimi yandıran

itkinin şirinliyindən öpdüm.

Mən sənin yoxluğundan öpdüm. Öpdüm.

Sevgi uzaqlıqla düz mütənasib imiş.

Mən səni heç vaxt belə öpməmişdim.

Mən səni bu qədər sevməmişdim.

 

2018