Könül Nuriyeva - Ümumiyyətlə, “mən” lə başlayan fikirlər...
Ümumiyyətlə, “mən” lə başlayan fikirlər insanların səni dinləmək maraqlarını azaldır. Çünki, hər kəs öz mənliyini daxilində, gizlində daha üstün tutur, kiminsə üstün olmasını qeyri-iradi olaraq qəbul etmək istəmir. Amma müxtəlif səbəblərdən barışıq mövqeyində görünür. Məsələyə daha geniş aspektdən baxaq.
Bu fikirləri daha da dərinləşdirsək, onda eqosentrizm və sosial müdafiə nəzəriyyəsinə müraciət etməliyik.
İnsan beyni təkamül prosesində özünü müdafiə etmək üçün uzun proseslərdən keçməli olub və bunu çoxunuz bilirsiniz. Qrup daxilində statusunu qorumaq həm bu gün, həm də ibtidai insanın dövründə aktiv idi.
Leon Festingerin sosial müdafiə nəzəriyyəsinə görə, insanlar öz dəyərlərini başqaları ilə müqayisə edərək ölçürlər. Özünə dərindən baxmağı bacaran adamlar bu halı özlərində müşahidə edə bilərlər və onu yumşalda, daha kəskin formalara keçməsinə icazə verməyə bilərlər.
Bir şəxs cümləyə "Mən belə düşünürəm", "Mən belə hesab edirəm" deyərək başlayanda, bu, avtomatik olaraq bir "status rəqabəti" yaradır. Dinləyici üçün bu, dominantlıq iddiası kimi qəbul olunur. Özgüvəni aşağı olan adamlarda bəlkə də inanmazsınız, elə həmin dəqiqə qısqanclıq və kədər yaranır. Özlərinu bacarıqsız və uğursuz hesab edirlər. Halbuki, özlərinə xas nailiyyətləri var.
Hər kəsin daxili dünyasında özü "əsas qəhrəman"dır. Başqasının dominant "mən"i, dinləyicinin öz subyektiv reallığına müdaxilə kimi görünür və bu, qeyri-iradi olaraq müqavimət yaradır. Mətnin bu hissəsi çox vacib hissədir və onu dərk edən həyatının yarısını qazanıb desək, yəqin ki, səhv etmərik
Əslində isə subyektiv reallığa heç kəs tərəfindən müdaxilə yoxdur. Nitqində “mən” işlədən adam özü barədə danışır və qarşısındakı adamların hər hansı biriylə şəxsi ədavəti yoxdur, onun üçün dinləyicilər var və söhbətini bu mexanizm üzərində qurub.
Mətnin əvvəlində yazdığımız fikrin ikinci hissəsinə gəldikdə isə, yəni insanların "barışıq mövqeyində görünməsi" koqnitiv uyğunsuzluq ilə izah edilir.
Dinləyici sizin "mən"inizlə öz daxili dünyası arasında ziddiyyət hiss edəndə narahatlıq yaşayır. Bu narahatlığı aradan qaldırmaq üçün iki yolu var: ya fikri qəbul etmək, ya da sizin fikrinizə qarşı daxili “blok" qoymaq. Kiminsə fikrini qəbul etmək özlərini kiçik düşmüş kimi ab-hava verdiyi üçün bunu etmək istəmirlər.
Sosial maska məsələsinə gəldikdə isə, İnsanların "barışıq mövqedə görünməsi" əslində sosial olaraq qəbul olunmaq ehtiyacıdır. Onlar həqiqətən razılaşdıqları üçün deyil, sosial etiketi qorumaq və ya münaqişədən qaçmaq üçün razıymış kimi görünürlər. Xüsusiylə son vaxtlar dəbə düşmüş bir hal var. Adamların çoxu günlərinin xoş keçməsi və başlarının dinc olması üçün razılaşmaq və qəbul etmək yolunu tuturlar.
Kommunikasiya nəzəriyyəsində "Mən" dili adətən öz hisslərini ifadə etmək üçün tövsiyə olunsa da, bizim qeyd etdiyimiz məqamda söhbət iddialı mövqedən gedir.
“Mən bilirəm ki, bu belədir" kimi ifadələr dinləyicinin "mən"inə yer qoymur. Bu, tək tərəfli kommunikasiyadır.
İnsanlar özlərini dəyərli hiss etdikləri və fikirlərinin "ortaq" olduğunu hiss etdikləri zaman daha çox dinləyirlər. Odur ki, "mən" ilə başlamaq əvəzinə, "səncə necədir?", "bunu belə görmək olar mı?" kimi yanaşmalar dinləyicinin daxili eqosunu "hücum altında" qoymur, əksinə, onu söhbətə tərəfdaş edir.
Yəni, həm ümumi söhbətlərdə, həm dost məclislərində, həm böyük auditoriya qarşısında elə söhbət etmək lazımdır ki, qarşısınızdakı insanların müstəqilliyini və ya fikir azadlığını təhdid altında qoymayasınız. Bu zaman onlarda müqavimət reaksiyası başlayacaq. Sizin öz “mən” inizi üstün tutmağınızı onlar öz şəxsi iradələrinə birbaşa müdaxilə kimi qəbul edəcəklər. Nəticədə dinləyicilər fikirlərinizi eşidəcəklər, amma onu daxildən qəbul etməyəcəklər və ya əhəmiyyətsiz baxacaqlar.