Ramiz Qusarçaylı - İstanbul
Şəhərlərin içində
Bu şəhər öz şəhərim.
Bir az nağıl, bir az mif,-
Bir az da söz şəhərim.
Tarixin baş kitabı,
Kitabların yuvası.
Ayağında dəniz var
Başında dağ havası.
Hər daşı bir türbədir,
Hər türbədə ocaq var.
Bu şəhəri hər səhər
Allah özü qucaqlar.
Aya Sofya aylanır,
Ay boylanır Çarşıdan.
Düşmən kəssə körfəzi
Fatih çıxar qarşıdan...
Yer şəhərdi, Göy şəhər,
Şəhər-şəhər kölgəsi.
Ölkələrin şəhəri
Şəhərlərin ölkəsi.
Seyrantəpə seyrangah,
Boğaz içi,- iç yazı.
Iki qitə əlində
Avropanın yaxası...
Bu şəhərin şəklini
Gözlərimə toxudum.
Küçə-küçə tanıdım,
Adam-adam oxudum.
Yerdən boy verir Göyə,
Göydən tutan şəhərim.
Paşam, Şahım, Fironum
Mənim sultan şəhərim.