Au Əsəd - Alim Qasımovu Füzuli ucaltdı, Üzeyir Mehdizadə endirdi...

YAZARLAR 11:16 / 20.09.2026 Baxış sayı: 123

Alim Qasımovu Füzuli ucaltdı, Üzeyir Mehdizadə endirdi. Adam yüksəldiyi ucalıqda duruş gətirə bilmədi. O məqamda duruş gətirmək üçün o daim inkişaf etməli, yüksəlməliydi. Hər hansı çatılan bir məqamda durmaq, dayanmaq sonrakı düşüşə gətirir. Alim Qasımov da düşdü. O, məsələn, Füzulinin "Ney kimi hər dəm ki, bəzmi vəslini yad eylərəm, Ta nəfəs var quru cismimdə fəryad eylərəm" qəzəlini oxuduqda həqiqi sənət nümunəsini yaşayır, oxuyur və xalqa çatdırırdı.

Özü də bir şəxsiyyət kimi Füzuli şeirindəki məna və hikmətə, metaforikliyə - metafizikaya qarışır, sənətləşir, poetikləşir, füzuliləşir, yüksəlirdi. İndi isə o, o boyda mərtəbədən düşüb üzeyir mehdizadələşdi, "bu dünyanın nəyindən narahatsan" oxudu. "Hə, nə olsun ki, oxudu, oxudu da" sualı meydana çıxır. Oxumamalı idi. Çünki bu mətndə sənət, poeziya adına heç nə yoxdur. Heç nə! Bir dənə də obraz, metafora, alt fikir, poetik düşüncə...yoxdur.

Adi, çılpaq, bayağı cümlələrin hecalanıb alt-alta düzülməsindən başqa heç nə yoxdur. Belə sənət olmayan cümlələrin daxili enerjisi, potensialı yoxdur, onu bağıraraq oxuyanda ortada yalnız bağırtı qalır, bor də oxuyanın yerinə utanmaq hissindən yaranan bir sıxıntı. Sənətin içindəki metaforiklikdə gizlənən enerjidir səs ucaldıqca insanı yüksəldən.Alim Qasımov, çox gözəl ifalarına rəğmən, nə yazıq ki, hələ indiyə qədər bunu başa düşməyib.

O başa düşməyib ki, "ney kimi... hər dəm...yad eylərəm.., ta nəfəs var quru cismimdə, fəryad eylərəm" deyə səsini yüksəltdikdə dinləyicinin qəlbində və idrakında o metafora lay-lay açılır, odda bişirilmiş qamış parçası olan, səs çıxarması üçün deşik-deşik edilən neyin sızıltısı ilə həyatın əzablarında bişib deşik-deşik olan insandan hər nəfəsində çıxan fəryad assosiasiya olunur və hər bir dinləyicinin qəlb və anlam səviyyəsindən asılı olaraq bu məna assosiasiyaları sonsuza qədər dərinləşir, bu sözləri musiqi müşayiəti ilə eşidən insanən ruhunun yüksəlməsi də bununla əlaqəlidir. Yoxsa "Hər şeyin üstündə yaman əsirsən, Tezləşdirmək üçün nəfəs kəsirsən, ömür gedir, ölümçün tələsirsən, yaxınların gəlib basdırır,

Bu dünyanın nəyindən narahatsan..." kimi misraların içindəki hansı enerji ilə sən Alim Qasımov bağıraraq öz ruhunu və başqalarının ruhunu haracan qaldıra bilərsən?Füzuli şeirində qartal kimi ənginlərə yüksələn Alim Qasımov bu misralarda ev quşu kimi heç qonşu çəpərinə də qanad çala bilmir. O, Üzeyir Mehdizadə ilə oxuya bilərdi, amma deməli idi ki, bala, gəl oxuyaq, mən Alim Qasımovam, bu xalqın sənət aləmində müəyyən mövqe qazanmışam, insanlar məni hal və zövq əhli bilir, oxuyacağıqsa, bu mənasız mətni bir tərəfə ataq, klassikadan, folklordan, həqiqi poeziya yaradan müasir şairlərimizdən nə isə bir şey oxuyaq.

Üzeyir Mehdizadə Alim Qasımovu kütlə reytinqinə çəkirdisə, Alim Qasımov da onu sənətin ucağılığına çəkməli idi. Nə yazıq ki, tərsinə oldu.