Saqif  Qaratorpaq - Nə sən keşiş qızısan

 

Ədəbiyyat 10:53 / 20.09.2026 Baxış sayı: 148

Nə sən keşiş qızısan,

Nə də ki mən xan oğlu,

On cadulu köynəyin

Düymələri açılmır...

Göydə Tanrı,yerdə mən!

Məni başa düşərsən...

Bir atəş var içimdə

Hər gecə aha dönür,

Dodağımı yandırır.

Tüstüm təpəmdən çıxır,

Yanıram səhər-axşam,

Keçib gedir yanımdam,

Məni görmür bir adam...

Gör,necə tutuşmuşam,

Görəsən indiyəcən

Belə yanıbmı bir şam?!

Kül ollam,belə yansam...

Sənə deyə bilmirəm,

Sənə deyə bilmirəm...

Söndür dodaqlarınla

Hərdən bu odu söndür.

Neynim,sənə qıymıram,

Gəlmə,qurbanın olum,

Gəlmə,məndən uzaq dur!

Alışarsan oduma,

Sonra külə dönərsən...

Sonra külə dönərəm...

Sonra da külümüzdən

Bir cüt bənövşə bitər...

Gəlmə,qurbanın olum,

Gəlmə,məndən uzaq dur!

Gəlmə,qoy təkcə yanım...