İlqar Türkoğlu - Günəşli sabahlar Cavada qaldı
Başlatdılar türkə qəsdi qəflətən,
"Qara əl" qapını kəsdi qəflətən,
Əsdi qara yellər, əsdi qəflətən,
Arzular, ümidlər yuvada qaldı-
Ağrılar, acılar Cavada qaldı.
Ailə qürurundan enmədi bir an,
Ocağının közü sönmədi bir an,
Türklük amalından dönmədi bir an,
Alnına yazılan davada qaldı-
Ağrılar, acılar Cavada qaldı.
Beləcə başladı qardaş dastanı,
Qazax ellərinin sirdaş dastanı.
Türkün bir can, bir qan-yaddaş dastanı,
Silinməz izləri, obada qaldı-
Ağrılar, acılar Cavada qaldı.
Bir nəslin adıyla böyüdü zaman,
Köksünün harayı, köyüdü- zaman.
Atanın, ananın öyüdü - zaman,
Qurtuluşun yolu savada qaldı-
Ağrılar, açılar Cavada qaldı.
Bu da bir ömürdü, keçdi, beləcə,
Ulusun yoluydu, seçdi, beləcə,
Şərəflə dünyadan köçdü, beləcə,
Doğmalar doğmaya, yad yada qaldı-
Günəşli sabahlar Cavada qaldı