Qəşəm İsabəyli - ŞİRALI BƏY
(hekayə)
Kür çayının sol sahilində Qəhrmanbəyli kəndi vardı. Bəylər-bəynişinlər kəndi deyirdilər adına. Özünəməxsus intizamıyla seçilən bu yurdda evlənib-boşanmaq istəyi adamların yuxusuna belə girməzdi. Ona görə ki, dəli qızı ağıllı oğlana verərdilər, dəli oğlana da ağıllı qızı alardılar ki, biri od olanda, o biri də su olsun.
Gəl ki, on illərlə sınaqdan çıxmış bu tarazlığı ilk dəfə Hacmayıl bəyin Bakılı qızı Cövhər xanımdan olan oğlu Şiralı bəy pozub.
Atası kimi ucaboy, enlikürək, qollu-budaqlı olan bu gəncin qaranlığa işıq salan gözəlliyi vardı.
Hacmayıl bəy dünyadan köçəndən sonra evin ağırlığı böyük oğul kimi onun çiyninə düşmüşdü.
Hər səhər yuxudan duran kimi ortancıl qardaşını çağırardı:
–Ay Hacalı, get, ambarların ağzını aç, qoy havalansın.
Hacalının qorxusundan quş quşluğuyla bu ambarın ətrafına belə səkə bilməzdi.
Amma bir dəfə xalası Kalba Çərkəz Hacalını sınağa çəkmək istəyir:
–Ay bala, xaşıl bişirmişəm, bəlkə bir kasa bəhməz verəsən mənə?!
–Yox, verə bilmərəm!
–Niyə, ay Hacalı?!
–Dadaşım tapşırıb, heç kimə heç nə vermə!
–Ay sənə də qurban olum, dadaşına da!
***
Şiralı bəy evlilik yaşına çatan kimi Qəhrmanbəylinin adətinə uyğun olaraq Kalba Çərgəzin qızı Sürəyya xanımı gəlin gətiriblər ona.
Sürəyya xanım cənnətə gəlirmiş kimi Şiralı bəyin evinin kandarına ayaq qoydu.
Hacmayıl bəyin ikinci həyat yoldaşı Əzət xanım deyirdi ki, gəlin gələndən bir neçə gün ötməmiş, görürdük gah orda gizli-gizli ağlayır, gah burda. Ha soruşurduq: “Nə olub sənə, ay bala?”. Deyirdi, evimiz üçün darıxmışam.
Axır ki, maraq mənə güc gəldi. Bəylə-gəlini güddüm. Birdən... başıma qaynar su tökdülər elə bil. Sürəyya xanım yataq otağına girib, gəlinlik taxtına qalxdı. Ondan xeyli sonra gələn Şiralı bəy isə başqa bir yatağa girib, üzünü çevirdi divara...
Tezliklə qohumlar yığışıb, el-obaya səs düşməmiş, bu könülsüz izdivaca xitam verdilər.
Demə tale gülü burnunda aparacaqmış Şiralı bəyi.
Bərk xəstələnir. Üstünə Şamaxıdan gətirilən həkim onu müayinə eləyəndən sonra üzünü tutur başına yığılan qadınlara:
–Bu oğlan kimnəndi, kim doğub bunu?
Balaca-malaca Cövhər xanımı göstərirlər.
Həkim deyir:
–Yox, bu oğlanı bu doğa bilməz!
–Niyə, ay həkim?! – soruşurlar.
Həkim əlini uzadır Şiralı bəyin nənəsi, dolu bədənli, yannı-yançaqlı Bəyim xanıma:
–Bunu bu xanım doğmalıydı!
Bəyim xanımın:
–Ay həkim, uşağın vəziyyəti necədi? – sualına cavab verməyən həkim eşiyə çıxanda başını buladı.
Elə o gedən günün səhəri qaranlığa işıq salan Şiralı bəy şam kimi söndü.
Bu nakam gəncə el-oba yana-yana ağlasa da, yalnız Sürəyya xanımın naləsi Qəhrmanbəyli kəndinin dörd bucağında eşidilirdi.
07-09.07.2026-13.07.2026