Xatirə    Rəhimbəyli - Gördün, hamı getdi,qaldıq ikimiz

Ədəbiyyat 10:00 / 08.09.2026 Baxış sayı: 206

Gördün, hamı getdi,qaldıq ikimiz,

Ulu eşq deyilən budu, əzizim.

Hər qəlbdə bir cürə təcəlla edən

Sevda gözümüzdə sudu, əzizim.

 

Bu ürək nə azıb, nə də karıxıb,

Bir ömür eləcə yoluna baxıb.

Göz yaşım gizlincə içimə axıb

Hər kəsi qəlbimdən yudu, əzizim.

 

Bildinmi, mənmişəm yeganə varın?

Silinmir gözündən qəmin, qubarın...

Bu sirli acının, bu intizarın

Getmir damağından dadı, əzizim?

 

Bizim aramızda bir möcüzə var;

Nə zaman, nə məkan, nə hadisə var...

Amma bu sevgidə sirli nəsə var,

Qalacaq tarixdə adı, əzizim.

Gördün, hamı getdi...