Könül  Nuriyeva - Hələ yaşıldır bu dünyanın üzü,

Ədəbiyyat 21:18 / 07.09.2026 Baxış sayı: 668

Hələ yaşıldır bu dünyanın üzü,

hələ dalğalıdır dənizi,

hələ də sevirik bir- birimizi.

Gözlərimizdə ağaclar böyüyür hələ,

Qadın saçlarıyla dəniz dalğaları

dəyişik düşür, qarışır hələ

sonra...

Sonra elə ağac rəngdə

elə saçlar,

elə dəniz rəngdə,

küləklər əsəcək.

Ağaracaq dünyanın saçları,

saralacaq ağacları,

qırışların tələsinə düşəcək qadının üzü.

onda, qorxuram deməyə düzü,—

daha sevməyəcəyik bir- birimizi.