Ayaz Arabaçı - Yayılır gülüşlərin,ürəyimə yağ kimi.
Yayılır gülüşlərin,ürəyimə yağ kimi.
Danışırsan içirəm,səsini bulaq kimi.
Baxmıram aradakı,neçə-neçə baryerə.
Səsin aparır məni,arzulanan hər yerə.
Bu səsin vampiriyəm,bu səsin zəlisiyəm.
Sənin özündən qabaq,səsinin dəlisiyəm.
Birnəfəsə şar kimi,dolub köpə bilirəm.
Bu yeganə səsdi ki,onu öpə bilirəm.
Yayılır gülüşlərin,ürəyimə yağ kimi.
Danışırsan içirəm,səsini bulaq kimi.
Kəsib səni dinləyir,nəğməsini qular da.
Üzürəm asta-asta,mavigözlü sularda.
Üzürəm,üzə-üzə,boğulmaq istəyirəm.
Ölüb bir də səninçün,doğulmaq istəyirəm.
Doğulmaq istəyirəm,təzə,yeni bir adla.
Tamam yeni ömürlə,tamam yeni həyatla..
Vəsfinə çatmır sözün,uğurlu ibarəsi.
Səsinə ucalıbdı,könlümün minarəsi.
Səsinə səcdə qılıb,ibadət eləyirəm..
Sənə əstəfürüllah,itaət eləyirəm..
Adi ah çəkməyin də,məndən izsiz ötüşmür.
Bütün günü əlimdən telefon yerə düşmür.
Çiçəklərdə olmayan yeni rəng gözləyirəm.
Hər dəqiqə,hər saat,səndən zəng gözləyirəm.
Mənim acı ömrümü,kim belə şirinləyir,
Saçlarının hər teli kaman kimi inləyir..
Qoyma gəm buludunda,sevdiyim o gözləri.
Birnəfəsə yazıram mən sənə bu sözləri.
Bahar varsa o sənsən,payız varsa o sənsən,
Bu dünyada sevməli,bir qız varsa o sənsən.
Yayılır gülüşlərin,ürəyimə yağ kimi.
Nə deyim,necə deyim,
Mən də lap uşaq kimi...