Nüsrət Kəsəmənli-  "Aldanmış məktublar"

Ədəbiyyat 14:04 / 07.09.2026 Baxış sayı: 794

 

Hər sətir üstündə titrəyib əlim

Sətirlər qəlbimdən od alıbdılar

Mən sənə bir dəfə aldandım, gülüm,

Məktublar ömürlük aldanıbdılar...

 

Məni yad eləmə, özgə ol, yad ol

Oyuncaq olmasın məktublar barı

Ömründə bircə yol, alicənab ol

Yandır xatirəmi - o məktubları...

 

Orda ürəyimin harayı , ahı

Qəlbimin utancaq sevdası yatır

Orda vuqarımın sınmaz günahı

Kövrək bir nəğmənin sədası yatır.

 

Dağılar şöhrətin dumanı dağı

Udar bir ac balıq inci tək səni

Yazdığım sətirlər ac toxum kimi

Bir göz yaşını içəcək sənin...

 

Mektublar içində nəyim-nələrim

Alovlu sətirlər gizli qəm kimi

Yandır məktubları...xatirələrim

Yansın, külə dönsün qoy Kərəm kimi...

 

Sənə ümid dolu dikilən gözlər

Yenə xatirədə donub qalandır

Əlim əsə - əsə yazdığım sözlər

O zaman düz idi indi yalandır.

 

Həyatın özündə sınadım səni

Demə bahar idim, indisə qışam

Yaxşı ki, sonradan tanıdım səni

Yaxşı ki, ömürlük aldanmamişam...