Nazim Əhmədli -  AY LAÇIN

Ədəbiyyat 21:00 / 10.08.2026 Baxış sayı: 898

 

2020-ci il dekabr ayının 1-də doğma Laçınımız düşməndən azad olunan günü yazdığım şeir.

Ürəyimə dammışdı,

arzuların köçündən;

sən yenidən doğuldun,

ürəyimin içindən;

bax, üzümdə gülüş var,

gəlim qapını açım;

torpağına-daşına,

qurban olum, ay Laçın;

otuz ilə yaxındı,

dərdin üzürdü məni;

ayrılıq çox uzandı,

bəxtim küsdürdü məni;

könlümün qubarından

ağardı qara saçım;

qar tutan yollarına

qurban olum, ay Laçın;

sənin qartal adınla,

şah adınla yaşadım;

xəyalən caynağında,

qanadında yaşadım;

ürəyimin təpəri

eşqin, başımda tacım;

lilpar bulaqlarına

qurban olum, ay Laçın;

dərdi kim göndərmişdi,

onu yıxdıq, aşırdıq;

Qarabağımız üçün

vulkan kimi daşırdıq;

balaca uşaq kimi,

gəlim, üstünə qaçım;

doğmaca yurd-yuvama

qurban olum, ay Laçın;

şəhid oğullarının

qanı qalmadı yerdə;

bayrağımız ucaldı

hər kənddə, hər şəhərdə;

qoy ruhunuz şad olsun,

atam, anam, tək baçım;

döyünən ürəyinə

qurban olum, ay Laçın;

düşmənin ordusunu,

cəhənnəmə yolladiq;

qolundakı qandalı,

açıb yerə tulladıq;

daha bu gündən sonra,

olmasın ağrın-acın;

o qartal baxışına

qurban olum, ay Laçın;

şir kimi döyüşdülər,

yolunda mərd oğullar;

mərd oğullar Vətənin

torpağından yoğrular;

istəyirəm bu səhər,

quş kimi qanad açım;

bu gözəl qələbənə

qurban olum, ay Laçın.

 

01.XII.2020. Bakı şəhəri.