Firidun   Ağazadə - 2010-cu ilin şeiri

Ədəbiyyat 09:37 / 11.08.2026 Baxış sayı: 364

 

Sizin yaşadığınız

On birinci mərtəbə

Yoxdu daha, sökülüb.

Gəzdiyimiz yerlərin

Başına kül tökülüb...

Adı gizlin,

Xatirələr yaddaşımda

Yellənir yosun-yosun...

“İçərişəhər” adı ilə

Məni tanımır

“Baksovet” metrosu.

Nə sən tələbəsən,

Nə Jurnalistika Fakültəsi ordadır,

Nə o qızlar.

Şair qızı olanda nolar?

Gənc şairin salamını almazlar?..

Adı gizlin,

Sevənin dərmanı

Nə siqaretdi, nə viski.

Bir-iki xatirəni

Qulağından as ki,

Həmişə yanında olsun.

Həmişə yadında olsun.

Nə o trolleybus var,

Nə mənim ümid təsəllim.

Tramvayların başına daş saldı

Hacıbala müəllim.

O çəkməçi köşkünü də

Götürüblər oradan...

Ay “qiymətli itiyim”,

Bu qızmar avqust günü

Xatirələr zülm eləyir mənə,

Tapım səni haradan?

Adı gizlin,

Bu yerləri gəzdikcə hərdən

Xatirələr alır “əqlimi sərdən”.

Bax, bax, İstiqlal küçəsində

Yenə keçid qazırlar,

İzimizi qazırlar bu şəhərdən...

Ta denən yaşamırıq da...

Ta denən ölmüşük də...