Xanım İsmayılqızı - Göylərin göz yaşını yer üzü içib gedər

Ədəbiyyat 09:06 / 25.11.2026 Baxış sayı: 333

Göylərin göz yaşını yer üzü içib gedər,

Sonsuzluğun üzünə damla da köçüb gedər...

 

Ağaclar yarpağına, xəyallar otağına,

Ayrılıq dodağına həsrəti biçib gedər...

 

Gecələrin dilindən, xoşbəxtliyin əlindən,

Ürəyinin telindən sığallar uçub gedər...

 

İməkləyən arzular, alın üstü yazılar,

Əldən düşən ruzular, yanından qaçıb gedər...

 

Öz dünyanı üzərsən, taleyinə düzərsən,

Göydə qapı gəzərsən, Allahım açıb gedər...

 

Bəxtinə verdiyini, yollara sərdiyini,

Gözünə girdiyini, Tanrı da seçib gedər...

 

Çətini yaşamaqdı, yaşını daşımaqdı,

Özünə oxşamaqdı, darıxma, keçib-gedər...