Meyxoş  Abdullah : - “Qovmayın quşları pəncərələrdən...”

YAZARLAR 14:33 / 11.05.2026 Baxış sayı: 190

 

 

“ ... bəlkə torağayı, bəlkə çalıdı,

bəlkə də şuşalı, ya xocalıdı

qovmayın quşları pəncərələrdən...”

Xosrov Natilin imzasını çoxdan tanısam da, doğrusu, onunla yaxından tanış deyildik. İş elə gətirdi ki, şair-yazıçı, qələm dostumuz Ruhiyyə Abbaszadənin, bu ilin may ayının 2-də Cəlilabad rayonunda keçirilən kitab təqdimatında Xosrov müəllimlə bir masada yanaşı oturmuşduq. Fürsət yarandıqca ordan-burdan söhbət edirdik. İlk görüşdən bu adam mənə çox maraqlı gəldi. Ayrılanda Xosrov müəllim “Ovcumun içində buğda dənəsi” adlı kitabını mənə hədiyyə etdi.

Bu sözü bir neçə dəfə işlətmişəm, indi yenə də təkrar edirəm, mənə hədiyyə olunan kitabları oxumamış kitab dolabına qoymuram. Bu, təbii ki, birinci növbədə kitabın müəllifinə hörmətimdən irəli gəlir.

Vaxt tapıb Xosrov müəllimin “Ovcumun içində buğda dənəsi” şeirlər kitabını oxudum.

Kitabın ön söz əvəzini də Xosrov müəllim özü yazmışdı. Bilirsiniz, bəzən elə olur ki, müəllif öz içinin dərd-sərini, ağrısını başqasına etibar edə bilmədiyindən kitabının giriş sözünü də özü yazır və Xosrov Natil kimi buna “Mənim ədəbi taleyim” deyir.

Xosrov Natilin ön sözü, açığı mənə o qədər maraqlı gəldi ki... Bu adam həyatının bütün anlarını elə səmimi, elə gözəl qələmə alıb oxucuya çatdırır ki, sanki o acılı-şirinli həyatı, elə bil onunla birgə yaşamış kimi özünü hiss edirsən.

“Böyük Türk şairi Nazim Hikmət məşhur “Ceviz ağacı” əsərini yazan ili, yəni 1957-ci ildə doğulduğunu qeyd edən, Xosrov Natil, ilk dəfə sevimli nənəsinin tez-tez işlətdiyi “bismillahi” sözünü xatırlayır.

Gəncədəki tələbəlik illərindən söhbət açır. Gəncənin məşhur “Bağmanlar” məhəlləsində keçirtdiyi tələbəlik illərindən, “yataqxanada hamıdan sonra söndürərdim işığı” – deyir. - Gur, qara saçlarımı yuyub, amma daramadığımdan, qulluq etmədiyimdən, o saçlar məndən küsdü və bir daha mənimlə barışmadı, yəni töküldülər, deyə incə yumorla; - “indi saçları olmayan daz bir kişiyə oxşayıram” - deyir Xosrov Natil.

Tələbəlik vaxtı şeir dərnəyinə getməyini belə xatırlayır: - “Biz - yanımda bir orta məktəb şagirdi – iki nəfər zala daxil olduq. Həsənağa Turabova oxşar keçəl bir kişi bizi şeir oxumağa dəvət etdi”.

Sonralar Xosrov Natil, o kişinin kim olduğunu və ona şeir yazmağı kim öyrətdiyini belə etiraf edir:

Mənə müəllimlərim dil öyrətdilər,

İsim öyrətdilər, fel öyrətdilər.

Şeirdən uzaq dur, gəl... öyrətdilər

Mənə şeir yazmağı Qərib öyrətdi...

Allah sənə rəhmət eləsin Qərib Mehdi. Hamımızın sevdiyi gözəl şair idi.

Bəlkə də, çoxlarına Xosrovun götürdüyü “Natil” təxəllüsü maraqlı gəldi. Hə, Natil Xosrovun bir yaşında rəhmətə gedən oğlunun adıdır. Xosrov yazır: - “Adımın ikiləşdiyi gün, Xosrov Natil doğuldu”.

Bütün yazarların həyatı kimi Xosrov Natilin də həyatı o qədər asan keçməyib. – “Kirayə evlərin Allahı yoxdur, kirayə evlərdə tez düşür axşam” – deyərək, çətin günlərini şair yada salır.

İndi də gələk söhbətimizin sonuna, Xosrov Natilin “Ovcumun içində buğda dənəsi”. Onun bu şeirindən bir bəndini sizin nəzərinizə çatdırmaqla, elə bilirəm ki, çox qaranlıq mətləblərə işıq salmış olacağıq.

Bəlkə də, haçansa əkdim, becərdim,

Bəlkə də haçansa sözüm “cücərdi”

Hələ ki, bu dünya dözüm çücərdir –

Ovcumun içində buğda dənəsi...

Şair Xosrov Nasilin “Ovcumun içində buğda dənəsi” şeirlər kitabından çox yazardım. Amma oxucuların vaxtını almaq istəmirəm. İstəyirəm ki, bu kitabı özünüz oxuyun və mənim yazmadıqlarımın, demədiklərimin ardına da özünüz şahidlik edin.

. Sözümün sonunda Xosrov Nasilə, əziz dostumuza uğurlar arzulayır və yeni əsərlərini gözləyirik.

Meyxoş Abdullah

yazıç