Əlizadə Nuri - Dönüb bir ağac oldum

Ədəbiyyat 16:03 / 10.05.2026 Baxış sayı: 592

 

Gördüm ki darıxırsan

Adamların yanında,

Tək sənin yaşadığın

Təzə ölkə yaratdım!

Çiçəklər əllərini

Qoxlamağa gəlibmiş,

Tələsən çiçəkləri

Yığıb cərgə yaratdım.

Hər gün "günah" eyləyib-

Əsir düşdüm mən sənə.

Bu "əsir "günlərimdən

Bir düşərgə yaratdım...

Ağac kölgəsinə də,

Qısqanırdım mən səni-

Dönüb bir ağac oldum

Özüm kölgə yaratdım.