MƏN ZORİ BALAYAN DEYİLƏM - Aqil ABBAS yazır

YAZARLAR 20:46 / 12.02.2024 Baxış sayı: 1808

Təvazökarlıqdan uzaq da olsa, mən Azərbaycanın tanınmış və sevilən yazıçılarından biriyəm. Buna da səbəb həddindən artıq  səmimi  olmağımdı, həm danışığımda, həm də əsərlərimdə. Bu günədək nə danışığımda, nə də yazılarımda kimisə hədələməmişəm. Hədə mənim xarakterimə ziddi. Sarkazm olar, ironiya olar, buna da yazılarımda çox rast gəlmək olar. 

Amma nədənsə mənim Parlamentdə Ermənistanla və Makronla bağlı dediyim  fikirlər ermənilərin  bərk xətrinə dəyib, qəzəbləniblər və məni  hədəf götürüblər. Erməni  mediası yazır: «Azərbaycanlı deputat   Makronu  hədələyir və əhalisi  azalmış Artsaxın «təmir  edilmiş  kilsələri»  ilə öyünür. Milli Məclisin  bu gün keçirilən iclasında «alovlu nitq» səsləndirib.

«Fransanın urana  ehtiyacı var, indi onun yeganə ümidi Qazaxıstandır. Qazaxıstandan Fransaya iki yol var. Uran təyyarələrlə  daşınmadığı  üçün gəmilərlə  daşınmalıdır (burda  fikrimi təhrif ediblər. Mən təkcə gəmilər yox, dəmiryol vasitəsilə də demişəm- A.A.). Bunun  üçün də ya Rusiyadan keçən yol, ya Azərbaycandan  keçən yol olmalıdır. Rusiya buna icazə vermir, Azərbaycan qalır. Sanksiya tətbiq etsək, Fransa nə edəcək?», - deyə «həvəsli» parlamentari bildirib. 

Abbas daha da ilhamlanaraq dedi: «Mən çox istərdim ki, Makron  Azərbaycana  dəvət olunsun, gəlsin görsün  ermənilər  burda necə yaşayır. Biz kilsələri və sinaqoqları sökmürük (yenə də fikrimi  tam  verməyiblər, mən demişəm ki, kilsə də, sinaqoq da, məscid də bizim üçün Allah evidir və müqəddəsdir - A.A.). Makron  gəlsin görsün  Şuşada kilsələr  necə təmir olunur.  Amma düzünü desəm, belə  imkanım olsaydı, onları  təmir etməzdim».

Azərbaycanlı deputatın təhqiramiz formada (erməni kilsələrinin «təmiri» adlandırdığı – xaçların  yıxılması, erməni  mədəni irsinin qəsb edilməsi) öyünməsi etnik təmizləmə təhlükəsi  altında olan Qarabağın kütləvi  şəkildə boşaldılması fonunda daha da hörmətsizlik kimi  səslənir».

Əvvəla, Ermənistan  mediasının  yazdığı kimi, burada heç bir hədə yoxdur, heç bir erməni  mədəni irsinə də əl vurulmayıb. Bakıdakı erməni kilsəsindən tutmuş  Qarabağdakı kilsələrə qədər hamısı yerində durur. Və yuxarıda dediyim  kimi, hətta  təmir etmişik. Bu dəqiqə Şuşadakını da vurhavur  təmir edirik. 

Amma siz Qarabağda bir məscid də  saxlamamısınız, bir abidə də saxlamamısınız. Məscid, abidə nədi ey, hətta bir ev də qoymamısız qala. Bütün şəhər və kəndlərimizi  darmadağın etmisiniz. Və bu 30 ildə Fransa, eləcə də Makron dilini  dinməz  yerinə  qoymuşdu, bir dəfə demədilər və demədi ki, ermənilər, bu faşizmi dayandırın. 

İkincisi, biz Qarabağda bir erməni kəndini də, bir qəsəbəsini də dağıtmamışıq. Halbuki buna bizim  imkanımız vardı, amma ev-eşik dağıtmaq, dinc əhaliyə əl qaldırmaq bizim millətin xarakterinə yaddır. Ona görə ki,  biz erməni deyilik, biz türkük, azərbaycanlıyıq. 
Möhtərəm Prezidentimiz İlham Əliyevin  dediyi kimi, biz sülh tərəfdarıyıq. 44 günlük  müharibədən sonra da Ali Baş Komandanımız dəfələrlə Qarabağda yaşayan ermənilərə  müraciət edib ki,  kim istəsə Azərbaycan vətəndaşlığını və Konstitusiyasını qəbul edib Qarabağda yaşaya bilər. Yəni biz erməniləri  Qarabağdan məcbur köçürməmişik. Onlar özləri Ermənistanın hansı məkrli  siyasətinə görə isə  könüllü olaraq Qarabağı tərk edib. 

Yuxarıda dedim, mən yazıçıyam və Zori Balayandan  tamamilə fərqli yazıçıyam. Mən Zori Balayan kimi xalqımıza başqa millətə nifrət toxumu aşılamıram. 

Zori Balayan kimi 6-7 yaşlı qızcığazı diri-diri divara  mismarlayıb dərisini necə soymaqdan və ölümünü  gözləməkdən necə ləzzət aldığını yazmıram. Və əsərlərimdə oxucularıma  erməni xalqına  nifrət aşılamıram. 

Bir neçə misal çəkə bilərəm.  Məsələn, elə «Dolu» romanımda  və «Dolu» filmimdə  belə bir yer var. Əsgərlərimiz  bir erməni  qızını  əsir götürürlər, amma Drakon həmin  qızı  azad edir, deyir get evinizə: «Mən arvad davası  eləmirəm, biz  torpaq davası edirik!»

Mən də istəsəydim qələm əlimdəydi, Zori Balayan kimi yazardım. O qızı verərdim əsgərlərin əlinə zorlayardılar, sonra da öldürərdi, amma etmədim. Bu romanı yazanda həmin vaxt sizin bizim qadınlara və qızlara  elədikləriniz vəhşiliklər gözlərimin qabağından  keçsə də, mən məsələyə bir azərbaycanlı kimi, bir yazıçı kimi humanist yanaşdım. Bununla da əsgərlərimizə aşılamaq istədim ki, düşmənin qız-gəlininə toxunmaq olmaz, ən azı ona görə ki, biz erməni deyilik və mən də Zori Balayan. 

Və yaxud «Çadırda Üzeyir Hacıbəyov  doğulmaz» əsərimdə olduğu kimi. Əsərin azərbaycanlı  qəhrəmanı Əfqanıstanda erməni Aşotla   səngərdə bir döyüşür. Və Azərbaycandan anası ona iki dua göndərir, yazır: «Oğul, bu duanın  birini sən öz köynəyinə  taxarsan, birini də dostunun  köynəyinə, Allah sizi qoruyar». Azərbaycanlı döyüşçü də duanın birini öz köynəyinə bağlayır, birini də  erməni dostunun  köynəyinə. Döyüşdə  erməni yaralanır,  mühasirəyə  düşürlər, amma azərbaycanlı onu tək qoymur, on kilometr  çiynində daşıyaraq gətirib Sovet  qərargahına  çatdırır. Hərçənd ki, yolda erməni ona yalvarır ki, məni öldür, heç  olmasa  sən sağ qal. Amma azərbaycanlı  ona qulaq asmır və sağ-salamat gətirib  çatdırır hospitala və erməni ölmür. Onu da  bir azərbaycanlı ananın yazdığı  dua xilas edir. 
Mən oxucularıma  bunları aşılayıram. 

Və yaxud «Qar üstündə qan çiçəyi» povestimdə və kinossenarimdə əsgərlərimiz  18 yaşlı  bir erməni əsgərini  əsir götürürlər. Dağ, qış, qiyamət, şaxta, boran… bizim  bütün əsgərlər donub ölürlər. Komandir görür ki, bu erməni  uşaq da donub öləcək. Fikirləşir ki,  onun da anası, bacısı, sevgilisi var, istəsə o, sağ qala bilər. Və üzünü  tutur erməni əsgərə, üç yüz metr aralıdakı  erməni  postunu  göstərib deyir: «Dur get özününkülərin yanına. İdi jivi!» Komandir özü donub ölsə də, erməni  əsiri  buraxır ki, yaşasın. 

Belə misalları  çox çəkə bilərəm, yoruldum. Mən bizim millətin böyüklüyünü, kişiliyini, mərdliyini göstərməyə çalışmışam. 

Mənim Zori Balayandan, sizin yazıçılardan fərqim budur. Çünki mən böyük bir xalqın oğluyam, mən Zori Balayan deyiləm.  

Və sonda. Ermənistanı revanşist  müharibəyə qızışdıran, onlara silah-sursat  göndərən Makrona da bircə sözüm var: «Nəynən, Alış?».