" Mən bu gün YAP-ın bir əsgəriyəm." - Tahir Rzayev, millə\t   vəkili

HÜQUQ 09:15 / 10.05.2024 Baxış sayı: 1651

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev yaşı 70-dən çox olan deputatların siyahısında adının yer alması və yaşlı deputatların fəaliyyətsizlikdə ittiham olunmalarına münasibət bildirib.

Millət  vəkili Tahir Rzayev  mətbuata   açıqlamasında deyib ki, kadrların, siyasətçilərin fəaliyyətinə yanaşmada müxtəlif fikirlər var və bu, insanların dünyagörüşündən, reallıqları qiymətləndirmələrindən asılıdır. 

Tahir Rzayev  vurğulayıb  ki, dünya təcrübəsi, eləcə də parlamentlərin təcrübəsi var: “Seçkili orqanlara insanlar xalqın səsi vasitəsilə seçilirlər. Sözsüz ki, bu prosesdə onların nüfuzu, qabiliyyəti, insanlar arasında hörməti nəzərə alınır. Əlbəttə, parlamentdə gənclərə yer verilməlidir. Hər birimiz bu mərhələni keçmişik, lakin gənclərlə bərabər təcrübəli insanlar da istər siyasətdə, istər təsərrüfatda və digər sahələrdə öz sözlərini deməli, fəaliyyətlərini davam etdirməlidirlər. Xarici parlamentlərin təcrübəsinə müraciət etsək, orada elə deputat var ki, 40-50 ildir, parlamentdə təmsil olunur və fəaliyyətini davam etdirir. Çünki bu insanların zəngin təcrübələri, beynəlxalq aləmdə tanınanları, çox mütəşəkkil iş görmək qabiliyyətinə malik olanları var. Buna görə də fikir bildirmək bir az çətindir. Yanaşmalarda təzadlı fikirlər daha çoxdur. Bu gün parlamentdə təmsil olunan yaşlı deputatların əksəriyyəti elm, təsərrüfat, iqtisadiyyat sahəsində çox geniş biliyə malik insanlardır. Belə insanları birdən-birə töhmətləmək, yaşlarına görə fəaliyyətlərinə kölgə salmaq, tənqidə, hətta təhqirə keçmək yolverilməzdir. Çünki biz humanist xalqın nümayəndələriyik. İstər gənc, istər yaşlı olsun, hər kəs bir-birinə hörmətlə, rəğbətlə yanaşmalıdır. Bugünkü gənc sabah yaşlanacaq və o, yaşlı nəsil haqqında təhqiramiz, lazımsız ifadələr işlədirsə, gələcəkdə onun "bəhrəsini" özü görəcək, özü haqqında daha kəskin fikirlər səsləndiriləcək. Bəzi insanlar yaşlı nəsli töhmətləndirir. Hər kəsin keçdiyi yol, nailiyyətləri, uğurları nəzərdən keçirilməli və qiymətləndirilməlidir. İnsana öz ləyaqətinə, davranışına, biliyinə görə qiymət verilməlidir”. 

T.Rzayev növbəti parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə də danışıb: “Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İlk gündən Partiyanın sıralarında olmuşam, onun təşkilatlanmasında müəyyən qədər iştirak etmişəm. Bu gün YAP-ın bir əsgəriyəm. YAP məsləhət bilərsə, sözsüz ki, namizədliyimi müdafiə etməyə hazıram".