Ələddin Əzimli - O DAĞLARA

Ədəbiyyat 14:26 / 13.10.2026 Baxış sayı: 468

 

Nəsib Abid üçün

Kənd

qısılıb dağlara,

körpə

anasına sığınan tək.

Elə bil ki, tablodur,

divardan asılan tək.

Gəl deyir insanlara,

ucalıq da,

çəmənlik də,

meşə də.

Əl eləyir səma da,

səslənir gur bulaq da,

gəl burda dincəl deyir.

Yox, yox,

sən də sığın qoynuma,

öyrəş bu torpağa,

bu daşa deyir.

Uyğunlaş hikmətimə,

ömürlük

qoynumda yaşa deyir.

Yuxuma girən dağlar,

ulularım

ömür sürən dağlar.

A dağlar,

yaddaşımdakı dağlar.

Duman alıb bu yurdun

səmtini, yolağını--

çox yerləri.

Sizinlə üzlüşəli,

burdan uzaq düşəli...

11. 10. 2021.