Bəhram Bilaloğlu  - Əlacsız əlaca əlac tapanda

Ədəbiyyat 19:00 / 14.10.2026 Baxış sayı: 1616

Əlacsız əlaca əlac tapanda,

Verilən məsləhət gərək deyildir.

Sənin tövsiyən də,şirin sözün də,

Kövrək o ürəyə dirək deyildir.

 

Əlindən gələsi xeyir yoxdusa,

Əlini açmağın fikrini duyma.

Əli açıqlılar dərinə getməz,

Yetiş öz əqlinə nadana uyma.

 

Günəşə bənzəməz hər gördüyümüz,

Gecə ay olarlar,gündüzsə ulduz.

Ey üzü nur olan,batini zəhər,

Üzməyin kimsəni,etməyin yalqız.

 

Heç kəs yanımızda durmayacaqdır,

Cənazə namazı bitəndən sonra.

Kimsəni incitmək şərəf gətirməz,

Şərəf,ləyaqətin gedəndən sonra.