Adilə Nəzər -AŞIQ NƏCƏFİN XATİRƏSİNƏ

Ədəbiyyat 16:00 / 14.10.2026 Baxış sayı: 698

.

Göyçə mahalı, Daşkəndli Aşıq Nəcəf haqqında yəqin ki, hamı məlumatlıdır. Oxumayanlar da oxusunlar vikipediyadan. Aşıq Ələsgərin şagirdi olub. Ermənilər 1919 -cu ildə işgəncə verib beş oğlu ilə birgə öldürüblər. Cəmi 7-8 şeiri qalıb, o da demək olar ki, həyatını əks etdirir.

*Elə bu da şeir deyil, ustadın şəhidliyini təsvir etmək istədim. Bütün Şəhidlərimizlə birgə onları da rəhmətlə yad edək.

Ruhları şad olsun

AŞIQ NƏCƏFİN XATİRƏSİNƏ

Bu dünyada olum, bir də ölüm var,

Hər olanın Birdi ümid-pənahı.

Ölüm var ki, quş köçü tək həzindi,

Ölüm də var zülüm kimi, İlahi.

 

…Göyçə elli, Daşkəndliydi o aşıq,

Usta idi saz çalıb söz qoşmağa.

 

Boy-buxunu, can-cüssəsi yaraşıq,

Qurban gedib dogma yurda, torpağa.

Zalım yağı amanına baxmayıb,

Doğru gəlib fələyin çaş vaxtına.

 

Düşmən tutub əl-qolunu bağlayıb,

Sanki düşüb namərdin boş vaxtına...

Hanı o göz bu əzaba baxası,

Belində qaynar samovar daşıyıb.

 

…Belə zülmü müsəlmanlar ağası,

İmam Əli, İmam Hüseyn yaşayıb.

 

Ümid sınıb, əl götürüb bəndədən,

Son anadək dualara sarılıb.

Dağlanıbdı neçə yerdən bir bədən, –

Övladları at dırnağı sürülüb…

 

Aman Allah, duymayıbsan çağrını,

Necə çəkib o zülmü, o zilləti?!

Cəllad elə bağlayıb ki, ağzını,

Heç sənə də çatmayıb şikayəti.

 

…Bir məclisdə xatırlandı o aşıq,

Baxdım ki, göy üzü sədəf-sədəfdi.

Altı ulduz göydə olub sarmaşıq, –

Beş oğluydu, bir də Aşıq Nəcəfdi.

16.03.2023