Həzi Həsənli : - Gələrsən könlün xoş olar...

Ədəbiyyat 07:11 / 01.03.2024 Baxış sayı: 1351

 

Bu könlümün dağlarına

Yenə yaz gəlir, yaz gəlir,

Lal suların axarına

Sonam az gəlir, az gəlir.

 

Gələrsən könlün xoş olar,

Xatirələr varaqlanar...

Sevincdən gözlərin dolar,

Saçın tel - tel daraqlanar.

 

İl ötür, can həvəsdədi,

Yanılmıram gümanımda,

Əlim ürəyim üstədi,

Həyat eşqi var canımda.

 

Sonam, sənsən köçüb gedən,

Qisməti kəmdən ayrılan,

Söylə, kimdi günah edən,

Gör, kimdi kimdən ayrılan?!

 

Nə elə durma qəsdimə,

Nə könlümü qırmağa gəl,

Dərd yükləmə dərd üstünə,

Uçulanı qurmağa gəl...

29.02.2024