Arzu Əsəd : - Çox sadə bir şəkildə insanlara elan edilməlidir ki...

Şəhid şəkilləri bəzi yerlərdə niyə yığışdırılır? Əgər yığışdırılmalıdırsa, bunu icra hakimiyyətləri, bələdiyyələr əhali ilə aydınlaşdırıcı, maarifləndirici söhbətlər aparıb sonra icra etməlidirlər.
Yol kənarlarında müvəqqəti panolar üzərində vurulan bu şəkillər daha çox müharibə və müharibə sonrası dövrün tələbi olub. Aylar, illər keçdikcə yağışın, küləyin, günəşın təsiri ilə bu plakatların yapışdırıldığı dəmir dirəklər laxlayır, əyilir, şəkillər solur, tozlanır, cırılır və sairə. Bu zaman ərzində bir çox şəhidimizin adı küçələrin, məktəblərin, müxtəlif müəssisələrin adında, mərmər lövhələrdə, binaların daxilində, parklarda müxtəlif şəkil sərgilərində əbədiləşdirilib.
Tələsik, müəyyən format və görkəmdə, estetik və sənət dəyəri olmayan, kobud, müvəqqəti materiallarla hazırlanmış yolqırağı şəkillər müəyyən dövrdəki təbliğat üçün lazım idi. Müharibədən sonrakı dövrdə təbliğat vasitələri forma etibarilə, əlbəttə, dəyişdirilməlidir. Amma bunun üçün əhali əvvəlcədən xəbərdar edilməli, ictimai şüur buna hazır olmalıdır ki, bu istiqamətdə lazımsız spekulyativ söhbətlər aparılmasın.
Çox sadə bir şəkildə insanlara elan edilməlidir ki, bu şəkillər müharibə dövrü və sonrasının tələbləri idi. Hazırkı dövrdə şəhidlərin xatirəsi daha münasib, daha gözəl, forma, material və estetik baxımdan uyğun vasitələrlə şəhid lövhələri və memoriallarla əbədiləşdirilir və əbədiləşdiriləcək!
Hər kənd və qəsəbədə, rayon mədəniyyət evlərində müvafiq icra qurumlarının əhali ilə, şəhid ailələri ilə yığıncaqlar keçirib bu məsələni müzakirə etmələri beləmi çətin işdir?