Aləmzər Sadiqqızı :- Məni unutmağı asan bilmə sən...

Ədəbiyyat 11:50 / 30.05.2025 Baxış sayı: 1220

Məni unutmağı asan bilmə sən...

Bilirsən ruhunda,qanındayam mən.

Aldığın havada, içdiyin suda...

Təpədən dırnağa canındayam mən.

 

Nə qədər könlümü oyursansa oy,

Həsrətin əliylə ürəyimi soy,

Apar əllərini ürəyinə qoy,

Gör necə qəlbinin yadındayam mən.

 

Bir xoş xatirə yox anıb güləsən,

Bilmirəm ömrümə gəldin niyə sən,

Qoy deyim ömürlük bunu biləsən,

Ölüncə təninin solundayam mən!

 

Başını götürüb getdiyin yerə,

Özündən qaçıbda itdiyin yerə,

Məni ürəyindən atdığın yerə,

Dönüb görəcəksən yanındayam mən.

 

Sənsiz əllərimin səsi üşüyər,

Ölən arzuların nəşi üşüyər,

Ölər bir qəribin yası üşüyər,

Bilmərsən o anda hayandayam mən...

 

Səni kim ağlayar məndən savayı,

Yıxılar könlümün sənli sarayı,

Ay mənim könlümün hayı-harayı,

Səslərsən görərsən məzardayam mən!

5.30.2016.