Bacarırsansa  yaşa - yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 08:28 / 31.05.2025 Baxış sayı: 2445

 

Deyirlər ki, sonda ölən ümiddi. Və bunun da kimin dediyini hələ heç kimdən eşitməmişəm və təxmin də etmirəm. Sadəcə olaraq özümün özümə təsəllim kimi qəbul etmişəm bunu. Hətta yeri gələndə mən də kimlərəsə təkrar edirəm, yəni xatırladıram. Ümidin sonuncu öldüyünü…

Bəli, yer üzünün əşrəfi olan insan (əslində indi nə yer üzünün özü, nə də onun əşrəfi sayılan insan elə bir böyük əhəmiyyət kəsb etmir, çünki insan yer üzünü yaman günə qoyub – Ə.M.) o qədər hadisələrə tuş gəlir, o qədər hadisələr törədir ki, bəzən yaşamaq tamam mənasını itirir. Bilmirsən niyə, nə üçün, kimin üçünsə yaşayırsan. Ümumiyyətlə, insan deyilən varlıq gözlə görünməyən, amma əslində mövcud olan bir bölgüyə tuş gəlib. Həmin bölgünün pik nöqtəsində oturanlar dünyanı da, insanı da xırman yerinə çevirib. Nə istəyir, necə istəyir, yəni ağlına gələn formada turp əkir insanın da, yer üzünündə  başında. Ona görə də dünyanın daşı daş üstündə durmur. İnsanın başı az qala futbol topuna çevrilib kimlərinsə ayağında.

Və beləcə günlər keçir, sonra aylar keçir, sonra da illər. Harda, hansı dayanacaqda, hansı istiqamətdə qatardan enəcəyimiz, karvandan qalacağımız, köçdən ayrı düşəcəyimiz bəlli deyil. Üstəlik, bu bəlli olmayan ayrılıq mənasızlaşıbdı. Yəni ayrılığın oxşarı olan ölüm insanın özü kimi ucuzlaşıb. Yaşından, başından, cəmiyyətdəki yerindən asılı olmayaraq kimin nə vaxt, necə öldüyü az qala doğmalarını da, əzizlərini də təəccübləndirmir, təəssüfləndirmir. Və beləcə  el dilində desək,” ölən ölür, yetim böyüyür, həyat davam edir”.

Doğrudu, hərdən kimsə bir az asilik edir və özündən guya Amerika kəşf edibmiş kimi bir bəyanat da verir, deyir ki, yetim böyüyür, yamanlıq əzrayıla qalır! Amma bilmir ki, o böyüyən yetim nələrdən keçir, nələri yaşayır və necə böyüyür???

Bəli, mən indi bütün bu yazdıqlarımı, düşündüklərimi sizə çatdıranda bilirəm ki, müəyyən bir qurum, bir toplum deyəcək ki, sən də bu sözlərlə nəyi dəyişirsən, nəyə təsir edirsən?!. Guya bunları bilən yoxdur ki?

 Haqlı iraddır, etiraz etmirəm. Sadəcə mən bu dediklərimlə, bu yazdıqlarımla içimdəki ağrının səbbini alıram. Özüm özümü sakitləşdirmək istəyirəm, heç o da alınmır, əksinə, xatırladıqca bir az da sızıltı, göynərti artır. Necə deyərlər, dərdin qaysağı qopur, təzələnir. O təzələnən dərd də öz bildiyini edir. Mən isə hamıdan uzaqlaşıb bir səs çatmayan, ün yetməyən nöqtə axtarıram, dərdimlə baş-başa qalmaq üçün. Onun ürəyimdə at oynatmasına şərait yaratması üçün.

Bir halda ki, ən yaxın, ən munis bildiyim kəslər belə təsəllini də, kövrək bir sözü də deməkdən doyubsa, yorulubsa və bunu artıq sayırsa, onda kimə üz tutasan, kimə sığınasan?! Yaxşısı, rahatı, bəlkə də elə ən doğrusu, özünün öz dərdinlə qucaqlaşıb ağlamaqdır, içində ,Allahın gördüyü yerdə.

Həyatın rəngi mənə görə gözümün gördüyü və elə hamının mənə dediyi rəngdən tamam fərqlənir. Çünki gözümün önündə olan istənilən rəng ona nüfuz edəndə tamam başqa bir çalarda çıxır qarşıma. Ağ gördüyüm qapqara olur və yaxud qara rəngdə görünən sapsarı gəlib durur mənlə üzbəüz. Deməli, bu həyatın özü də maskalanır. O maskaların nə vaxt söküləcəyi, nə vaxt cırılıb atılacağı mənə məlum deyil və mən ümumiyyətlə, belə bir halın olacağına da inanmıram. Çünki mən necəyəmsə, mənimlə eyni müstəvidə dayananların hamısı elə mənim günümdədi. Mənim günümdə olanların gününə yalnız köks ötürmək, ahı aha calamaq və bir də Allahın ətəyindən tutmaq qalır. Əgər əlimiz o ətəyə çatırsa…

Hə, indi bilgisayar arxasında oturub bütün bunları dinləmək və yazmaq yəqin ki, asan deyil. Axı söhbət bizim gerçək həyatımızdan gedir. O həyatdan ki, sən ondan cana doymusan, mən ondan bezmişəm, bütövlükdə isə biz doyduğumuz, bezdiyimiz həyatın eyniləşməyinə, qovuşmasına hərəmiz bir cürə mane oluruq. Və beləcə də yaşamaq istəyirik. Gülümsəyib deyəcəksən ki, təkcə yaşamaq qadağan deyil, bacarırsansa yaşa?!

 Eşitdim dediyini. Yaxşı, bəs sən necə?

Bacarırsanmı?