Göyərçin ABİDQIZI , Filoloqiya üzrə fəlsəfə doktoru : - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QURUCUSU, SİYASƏTÇİ VƏ PUBLİSİST M.Ə.RƏSULZADƏ
jpg-1683546581jpg-1684910572.jpg)
Böyük bir tarixin ən şərəfli dövrü 105 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və 3 rəngli bayrağımızın ilk dəfə Azərbaycanın səmasında dalğalandığı dövrdür. Şanlı bir ölkənin istiqlalı və müstəqilliyi, xalqın sevinci böyük bir bayram idi. 23 ay davam edən bu tarix, ölkənin ən dəyərli övladlarının, ən dəyərli ziyalılarının aktiv çalışmaları, xalqın mariflənməsi və inkişafı yolunda gecə-gündüz demədən düşünən beyinlər düşmənlərdə daha sonra “nifrətə” çevriləcək bir qısqanclıq yaradırdı. Bu qısa zamanda sahib olduğumuz azadlığımızı, müstəqilliyimizi başımız üzərində dalğalanan 3 rəngli ay ulduzlu bayrağımızı borclu olduğumuz görkəmli şəxsiyyətlər var ki, onlardan biri də M.Ə.Rəsulzadədir.
XX əsrdə Аzərbаycаnın, eləcə də Türk dünyasının “azadlığı”, “istiqlaliyyəti”, “inkişаfı” uğrunda misilsiz xidmətlər göstərmiş Məhəmməd Əmin Rəsulzadə və bir cox ziyalıların yаrаdıcılığındа milli istiqlаl idеyаlаrın öyrənilməsi hər zaman аktuаldır. Bu ədiblər Аzərbаycаn xаlqını, оnun mədəniyyətini, ədəbiyyаtını, еlmini yüksəklərə qаldırаn böyük şəxsiyyətlərdir. Onların yаrаtdıqları əsərlər Аzərbаycаn xаlqının milli sərvətidir.
Lakin kommunist rejiminin Türkiyədən qorxub-çəkinməsi, Türkiyə ilə, türkin ədəbiyyatı və mədəniyyəti ilə əlaqəsi olan bu ziyalıları hər vasitə ilə təqib və məhv etmək, bolşevik psixologiyasının, eləcə də o dövrdə Azərbaycanda at oynadan erməni millətçilərinin qarşısına qoyduğu əsas məqsəd idi. Türkə qarşı yönəlmiş bu misli görünməmiş iyrənc hərəkatın nəticəsində xalqın ən görkəmli ziyalıları pantürkizm damğası ilə ölümə məhkum edilib, Sibirin soyuq cəhənnəmində əzablar içində məhv edilmişdi.
M.Ə.Rəsulzadə, tariximizin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, milli istiqlal hərəkatına başçılıq etmişdir. O, 1904-cü ilin sonlarında “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatının banilərindən və 1904-1905-ci illərdə 6 nömrəsi çap olunan “Hümmət” adlı qəzetin əsas naşirlərindən biri idi. 1906-cı ildə nəşri dayandırılan “Hümmət” qəzeti “Təkamül” adı ilə dekabr ayında yenidən çap olunmağa başlayır. Bu dövrdə M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyəti yaradıcılıq fəaliyyəti ilə birləşərək xalqına xidmət etməyə yönəlmişdir.
XX əsrin əvvəllərində bədii yaradıcılığın bir çox janrlarında qələmini sınamış M.Ə.Rəsulzadə şeirlər, hekayələr yazmış, dramaturgiya ilə məşğul olmuş, tərcümələr etmiş, xatirələrini qələmə almışdır. Müəllifin müxtəlif illərdə qələmə aldığı “Müxəmməs” (1903), “Qara pul” (1906), “Növhə” (1906), “Həsbi-hal” (1907), “Saillərə” (1908), “Hürriyyət” (1909), “İsmayıl Qasprinskiyə” (1911), “Mayıs duyğuları” (1955) kimi xalqı azadlığa və istiqlala səsləyən şeirləri ilə Azərbaycan ədəbiyyatında milli-azadlıq mövzusunun əsasını qoyur.
“Qaranlıqda işıqlar”, “Nagəhan bəla”, “Yeni lisançılar və türkçülər”, “Dil ictimai bir əməldir”, “Bir xan” pyeslərinin də mövzusunu milli oyanış və istiqlalın təbliği təşkil edir. Bu əsərləri ilə də ədib “Azərbaycana muxtariyyət”, milli-istiqlal hərəkatı ilə bağlı olan fikirlərini Azərbaycanda yaymağa nail olur.
M.Ə.Rəsulzadə 1908-ci ildə Çar üsul-idarəsi tərəfindən həbs olunacağını anlayır və ölkəni tərk edib İrana getməyə məcbur olur. Cənubi Azərbaycanı qarış-qarış gəzən M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttar xanla görüşür və Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə “İran demokrat partiyası”nın əsasını qoyur. O, “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil “İrane Nou” qəzeti 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq partiyanın rəsmi orqanı kimi fəaliyyətini bərpa edir. M.Ə.Rəsulzadənin məqalələri, şeir və publisistik yazıları bu qəzetdə ardıcıl dərc olunur. O, öz qələmi ilə İranda Avropatipli jurnalist sənətinin əsasını qoyur. Seyid Həsən Tağızadə qeyd edirdi ki: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”.
Ədəbi-publisistik fəaliyyətini davam etdirən M.Ə. Rəsulzadə 1911-ci ilin oktyabrında “Müsəlman demokratik Müsavat partiyasına” rəhbərlik edir. Bu dövrdə M.Ə.Rəsulzadənin “Cəmaət idarəsi” və “Bizə hansı hökümət faydalıdır?” kitabları çap olunur.
1917-ci ildə Müsavatın birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir. Bu qurultaydan sonra Azərbaycada “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayır.
M.Ə.Rəsulzadə 1918-ci ilin may ayında “Azərbaycan Milli Şurası”na sədr seçilir və mayın 28-i Azərbaycan istiqlaliyyəti bütün dünyaya elan olunur.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə. Rəsulzadə qeyd edir: “Biz o zaman, bizim üçün ən yaxşı məsələni Azərbaycan muxtariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah qorusun, siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq, “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi və bayrağını yüksəyə qaldırmışdır”.
1920-ci ildə M.Ə.Rəsulzadə siyasi fikirlərinə görə həbs olunur. O zaman Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadəyə vicdan borcunu ödəmiş olur. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya aparır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir.
“Stalin elə bilirmiş ki, M.Ə. Rəsulzadə öz rifahı üçünmü, ölüm qorxusundanmı, gec-tez onun təklif etdiyi vəzifələrdən birini qəbul edib bolşeviklərlə əlbir işləyəcək. O da böyük yığıncaqların xitabət kürsülərindən lovğalıqla bütün dünyaya müraciətlə deyəcək: “Görürsünüzmü, sovetlər elə yaxşı bir quruluşdur ki, M.Ə. Rəsulzadə kimi tanınmış müsavat lideri də öz əqidəsindən dönüb sovet hökumətinə pənah gətirmişdir”. Lakin o, kifayət qədər təsəvvür edə bilmirdi ki, M.Ə. Rəsulzadə əqidəsinə görə siyasətçi olmuşdu. Bu böyük ictimai xadim üçün Azərbaycanın mənafeyi, ölkənin taleyi ilə müqayisədə vəzifə, şan-şöhrət, şəxsi rifah duygusu bir heç idi”.
Moskva Şərqşünaslıq İnstitutunda fars dilindən də dərs deyən M.Ə.Rəsulzadənin 1922-ci ildə “Novıy Vostok” jurnalında Məzdəkizm hərəkatından bəhs edən “Qədim İranın kommunistləri” adlı məqaləsi onun mühacirətə getməsinə səbəb olur.
Azərbaycan milli istiqlal hərəkatı fəallarından biri, ədəbiyyatşünas-publisist Əbdülvahab Yurdsevər xatirəsində yazır: “Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm qərarlarından biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur.
1922-ci ildə Türkiyəyə gələn M.Ə.Rəsulzadənin İstanbulda yaşadığı 1923-1931-ci illərdə “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “İnqilabi sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri”, Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kimi əsərləri məhz bu dövrdə çap olunur.
Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr olunur. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirəti Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi.
Görkəmli ədəbiyyatşünas M.Ə.Rəsulzadənin 1933-cü ildə Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” kitabı, 1936-cı ildə çap olunan “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi, 1938-ci ildə Berlində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hürriyyət savaşı” kitabları dünyada Azərbaycana qarşı böyük maraq doğurur.
1938-ci ildən Polşa hökumətində məsləhətçi qismində çalışan M.Ə. Rəsulzadə 1940-cı ildən Rumıniyaya köçərək orada yaşamağa başlayır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi çap olunur. 1947-ci ildə Ankaraya köçən M. Ə. Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları işıq üzü görür.
1941-ci ildə dahi Nizaminin 800 illik yubileyi münasibətilə Rumıniyada tamamlanmış və 1951-ci ildə Ankarada nəşr olan “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası (Müəllifin özünün də qeyd etdiyi kimi, “müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikmişdir”) işıq üzü görür. Hər şeydən əvvəl M. Ə. Rəsulzadə, Nizaminin türklüyü ilə bağlı məqamları açmaqla “yalnız dil faktoru, ruhən türklüklə bağlı olan Nizami sənətini fars mədəniyyətinə daxil etmək üçün əsas ola bilməz” fikri ilə dünya nizamişünaslığına bir çox yeniliklər gətirir.
M.Ə.Rəsulzadə Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsini, Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında “Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqaləsini, ikinci Dünya müharibəsindən sonra Türkiyədə nəşr olunan “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələr nəşr etməklə, vətənindən uzaqda olsa da xalqına xidmət edir.
Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələr yerləşdirilmişdir. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında məqalələrlə çıxış etmişdir. Uzaqda da olsa Azərbaycanla yaşayan, onun problemləri və həqiqətlərini olduğu kimi dünya ictimaiyyətinə çatdıran ədib, 1955-ci il Ankarada üç dəfə “Azərbaycan!” deyərək həyatla vidalaşır.
Göyərçin ABİDQIZI
Filoloqiya üzrə fəlsəfə doktoru