Esmira Məhiqızı: “Onun gülməli xatirələri də indi ağlamalı xatırlanır” - MÜSAHİBƏ

MÜSAHİBƏ 13:14 / 16.10.2023 Baxış sayı: 4302

Coğrafiya məsələsi taleyin işidir, deyirlər. İnsan harada doğulursa, bu onun qismətidir… Həmsöhbətimiz Esmira Məhiqızının da taleyinə Ağdamda dünyaya gəlmək yazılıbmış. Çox qəribsəyirdi, onunla hər söhbətimizdə Şuşadan, Ağdamdan- o yerlərdə keçən xatirələrindən danışırdı. İndi o, atası üçün darıxanda üzü Şuşaya tərəf baxır, anası yadına düşəndə Ağdamı görür… Esmira Məhiqızının vətən sevgisi övladlarının da canına hopub. İkinci Qarabağ savaşında böyük oğlu Mətin də silaha sarılıb, doğma Şuşanın harayına yetənlərin sırasında oldu.

Bu dəfə də vətən müharibəsi iştirakçısının anası və şeirlərindən vətən yağan Esmira Məhiqızı ilə həmsöhbət olduq.

-Necəsiniz Esmira xanım? Gözünüz aydın, artıq Xankəndi də azaddır... 

-Salam, yaxşılıqdır. Siz yaxşı olun. Gözümüz həmişə aydın olsun və aydınlıqda olaq. Qara buludlar bu aydınlığımızı qaraltmasın, bir daha.

-Bu qələbə(lər) içi payız dolu şeirlərinizi isidir?

-Yarpaq da şeirdi, quş da, bulud da və payızdısa bütün şeirlər üşüyür… Qələbədən başqa. 

-Ən ali hissi hansı hissdir? 

-Allahı duymaq, Allahı unutmamaq və Allahlı olmaq…Çünki bütün gözəllikləri, yaxşılıqları, mərhəməti, sevgini yaradan odur, Allahdır. 

-“O qızın sərçə vaxtları”n necə xatırlayırsınız? 

-O qızın sərçə vaxtları kəndimizdə ağaclarda, budaqlarda ötür indi. Heç yadımdan çıxır ki.. Gülməli xatirələri də indi ağlamalı xatırlanır…

-Hərdən mənə elə gəlir ki, şeirləriniz insanlarla söhbət edir... 

-Yəqin ki, elədir.. baxır kimlər söhbətləşə bilir.

-İnsanın azadlıq eşqini nə boğa bilər?

- Bilirsən necədi? Ha boğsalar da o eşq sənin içində olacaq, yaşayacaq. həm də daima. Di gəl ədalətsiz, mərhəmətsiz, zalım dünyada azadlıq eşqiylə yaşayanları məhv edirlər, zindanlara atırlar, çürüdürlər. Amma azadlıq eşqi nə çürüyən deyil, nə sönən.

-Müharibənin ağrısı bir çox şeirlərinizin canına hopub... 

-Müharibələri viran qalsın, necə ki, viran qoydu həyatlarımızı, yurdlarımızı, budadı sevgilərimizi. Allah lənət eləsin müharibələri başladanlara, zalımlara, zülümkarlara. Nə qədər insanlar öldü, qətl edildi, itdi, batdı, yoxa çıxdı. Və bu ağrıların gerçəkliyini və bu gerçəklərin ağrılarını yaşadıq. Qohumlar, dostlar, doğmalar, qonşular itirdik. Təbii ki, bu ağrıları yaşayan biri kimi, yaşadıqlarım sətirlərə hopdu, şeirlərə çevrildi.

-Esmira xanım, dünya nə rəngdədi? 

-Dünya hər rəngdədi.. Eləcə də mənim dünyam …

-"Ömür də nədirsə, bilmirəm tez gəlir, tez gedir" deyirisiniz...

-...nədisə.. bilmədim 
nəyiydi,
 bəlkə də yeriydi, 
göyüyüdü, 
ya heç nə, ya da hər 
şeyiydi 
gözümdən itirdi.. gör
 necə 
nədisə.. məndən başladı. 
qurudan, nəmdən
 başladı, 
bu ömür qəmdən 
başladı 
məni də bitirdi.. beləcə 
nədisə.. yuxu kimiydi,
 bir qara qorxu kimiydi, 
yaşamaq qoxu kimiydi 
uçurdu,
 gedirdi..eləcə

                                                                                                                                                         Əntiqə Kərimzadə (adalet.az)