Elman Eldaroğlu : - Los Ancelesdə yaşayan azərbaycanlı həkim

YAZARLAR 08:02 / 28.03.2024 Baxış sayı: 1498

 

Daxilən saf olan insanın çöhrəsində ilahi bir nur olur. Bu nur, onunla həmsöhbət olan hər kəsin ruhuna şəfəq saçır, içinə məsum bir rəğbət gətirir, ətrafında gözəl aura yaradır. Belə insanlarla ünsiyyətdə olmaq, fikir bölüşmək adama zövq verir. Haqqında söhbət açdığım İradə xanım Dəlili də nurlu insanlardandır...

Olduqca təvazökar, özü haqqında danışmağı sevməyən bir xanımdır. Kübarlığı, yüksək mədəniyyəti davranışından hiss olunur. Şübhəsiz ki, bu keyfiyyətlərə yiyələnməsində doğulub, boya-başa çatdığı ailənin də böyük rolu olub. Atası Hüseyn Dəlili tarix elmləri namizədi olub, AMEA-nın Tarix İnstitutunda baş elmi işçi işləyib. Anası Zinyət Rəhimova isə 25 il 111 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb…

İradə Dəlili Bakıda dünyaya gəlib. 16 yaşında orta məktəbi başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1978-ci ildə oranın müalicə profilaktika fakultəsini bitirib…

Deyir ki,- "Anam mənim həkim olmağımı daha çox arzulayırdı. Hətta adımı da İslam Səfərlinin "Göz həkimi" əsərindəki İradə obrazından götürüb..."

İndiki Tibb Universitetini bitirdikdən sonra, Bakıdakı 27 saylı poliklinikada sahə həkimi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Daha sonra Kardiologiya İnstitutunda işləyib və elmi iş müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Dörd il İranda olub, orada klinikalardan birində kardio¬loq-həkim kimi çalışıb. 1996-cı ildən ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır…

"Bu ölkəyə təzə gələndə çox çətinliyim oldu. Tanımadığım ölkə, tanımadığım insanlar. Mən öz peşəmlə məşğul olmaq istəyirdim, amma bu fikrimi kimə deyirdimsə, hamı bunu heç ağlımdan da keçirməməyi tövsiyyə edirdi. Səbəblər aydın idi- birincisi dili yaxşı bilmirdim, ikincisi də bu arzumu reallaşdırmaqdan ötrü olduqca çətin olan imtahanlardan keçməliydim. Təbii ki, bu fikirlər mənə təsir edirdi, amma çox düşünüb-daşındıqdan sonra qərara aldım ki, nə olursa-olsun həkim kimi işləməliyəm. Çünki bilirdim ki, öz peşəmi davam etdirməsəm, həyatımın mənası olmayacaq.”- söyləyir.

Bir müddət keçəndən sonra İradə xanım "US Medical License Exam" adlanan üç ixtisas və ingilis dili imtahanlarını müvəfəqiyyətlə verərək, ABŞ-da çox məşhur olan Atlanta şəhərində fəaliyyət göstərən Emory Universitetində üç il rezedentura keçir və ailə həkimi işləməyə rəsmi icazə alır, nəticədə ailə həkimi kimi fəaliyyətə başlayır. Hazırda altı klinikanı özündə birləşdirən "Beaver Medical Group"da çalışır. Təxminən 4000 xəstənin sağlamlığına baxır…

Ömür-gün yoldaşı Azər Eminzadə fizika elmləri namizədidir. Nigar adlı bir qızı var, İrvin Universitetinin məzunudur. Nigar xanım Bakıdakı Oxford məktəbində bir neçə dəfə könüllü olaraq ingilis dilindən dərs də deyib. Eləcə də ingilis dili kurslarından birində müəllimlik edib…

Deyir ki,- "Çox istərdim ki, insanlarımız xoşbəxt yaşasınlar. Bütün soydaşlarımıza dünyanın ən qiymətli neməti olan can sağlığı diləyirəm. Allah Azərbaycanımızı qorusun!”

Martın 28-i İradə xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, qərib ölkədə möhkəm can sağlığı, firəvan həyat və işlərində uğurlar arzulayıram.

 

Bir 3 nəfər və xəstəxana şəkili ola bilər

Bəyən

Şərh bildir

Paylaş