Əlizadə Nuri : - Allah, bu nə oynamaqdı?

Aşığa bax, gözü göynən,
Barmağı saznan oynayır.
Üstünü çırpan bir uşaq
Oturub toznan oynayır...
Bu şərabdı, ya eşq camı?
Çıx qarşıla bu edamı...
Boğulmaqdan qorxur hamı-
Hamı dayaznan oynayır.
Bu ömürdü, ya səfərdi?
Darıxıram, çağır dərdi.
O nəğmə nə bəxtəvərdi-
Bir gözəl qıznan oynayır...
Yol dayandı, dayan adam,
Sənin deyil o yan, adam.
Dünyayla oynayan adam
Elə bil köznən oynayır.
Hara gedim, hara haqdı?
Mən axsağam, yol axsaqdı?
Allah, bu nə oynamaqdı-
Göz yaşı göznən oynayır?!