Əbülfət Mədətoğlu : - Sinənə, sinənə...

Aç yaxanı, sən dan üzü
Baxım, sinənə, sinənə...
Ümid oynayan bu gözü-
Taxım, sinənə, sinənə!
Bu ömrün özəlliyini,
Bu ömrün gözəlliyini...
Yandırıb üzərriyini -
Yaxım, sinənə, sinənə!
Köklənim kaman, ya tara
Dönüm yağışa, ya qara!
Soruşma yağacam hara? -
Yağım, sinənə, sinənə!..
Məndə hər iş baxtda-baxtdı,
Baxt ya qabar, ya da taxtdı!
Ruhumun sellənən vaxtı -
Axım, sinənə, sinənə!