"Bu qədər gələn gəlirlərdən “qara camaat”a da yönəldilsin” - Tahir Kərimli

HÜQUQ 17:42 / 17.03.2023 Baxış sayı: 1203

Hesabatda da qeyd olunub ki, ölkədə 5 milyondan çox məşğul əhali var. Bunun isə cəmi 1 milyondan çoxu neft və qeyri-neft sektorunda çalışır. Bəs qalanlar? Niyə onlar barədə məlumat yoxdur?” 

Yenises.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, onlar hansı iqtisadi fəaliyyətlərlə məşğul olur ki, xəbərimiz yoxdur: “Halbuki çoxunun adına torpaq sahələri var. Biz sevinir ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”. 

“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq. Amma pensiyanı həmin standartlarda vermirik.Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Mən “qara camaat”ın nümayəndəsiyəm. Biz hər şeyin yaxşı olduğunu deyirik, amma elə deyil axı?! Hara baxırsan, çətinliklər var. Hökumətdən xahiş edirəm ki, xalqımız haqqında ciddi düşünsün. Bu qədər gələn gəlirlərdən xalqımıza, “qara camaat”a da yönəldilsin” – T.Kərimli əlavə edib. 

Spiker Sahibə Qafarova deputata cavab verib: “Azərbaycan Prezidentindən tutmuş hər bir hökumət üzvü, heç kim ölkədəki insanlara “qara camaat” kimi yanaşmır”.