Sevinc Qərib : - SƏN EY, İLAHİ ADAM...

Ədəbiyyat 08:56 / 23.05.2025 Baxış sayı: 1629

 

Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,

əllərini arayıb boşa çıxmaq zülümdü.

Bu kədərlə nə etsəm, olmur "diri" dayanmaq,

bu ayrılıq deyil ki, bu bildiyin ölümdü...

 

Yolları yadırğayan izə dönüb gözlərim,

çəkilib uzaqlara su səpir yanağıma.

Dilim taqətdən düşüb, ağrı çəkir sözlərim,

cavab verə bilmirəm özümün qınağına.

 

Qorxuram son nəfəsdə adını sayıqlayam,

diksinib xatirələr dualara qarışa.

Yalanları adlayıb, gerçəyi ayaqlayam,

əcəlin barmaqları xəyalınla yarışa.

 

Yaddaşına sığal çək, gözləyənin var burda,

ruhum əsir üstünə, duymursanmı, sevdiyim?

Qübarında boğulan bu ürək qalıb darda,

Sən ey, ilahi adam, sən ey evim dediyim!..