Ayaz Arabaçı : - Mənə xəbər yolla...
Mənə xəbər yolla, gələsi olsan,
Gününü, vaxtını-saatını yaz.
Qıymıram sözünü başından çıxart,
Bu vəfa borcudur, gəlməsəm olmaz.
Gəlim qarşılayım lap gecəyarı,
Çəkilsin başımın dumanı-çəni.
Saçında tövşüyən payız rüzgarı,
Beşcə il geriyə aparsın məni.
Sağdı qəlbimdəki o zərif hisslər,
Getməyib burnumdan o xoş ətir gəl.
Silinməz ömrümdə qoyduğun izlər,
Sən mənə o şıltaq qızı gətir gəl.
Qəlbini, ruhunu nəğmələndirim,
İpək yelkənini açım dənizə.
Səni bir öpüşlə lalələndirim,
Sən denən yaraşmaz ayıbdı bizə.
Qovaq ayrılığı orbitimizdən,
Çevrilək yuxuya, işığa, səsə.
Heç kimin xəbəri olmasın bizdən,
Ölək, unudulaq, nəfəs-nəfəsə..
Məncə nəsib olar qayıtmaq mənə,
O qışa, o yaza, o yaya, bir də..
Ölək, unudulaq, və sonra yenə,
Təzədən doğulaq dünyaya bir də.
Təki üz verməsin bir qəza-qədər,
Qalan şey yoluna qoyular asan.
Eybi yox, dözərəm bu yaza qədər,
Mənə xəbər yolla gələsi olsan..