Ayaz Arabaçı : - Mən niyə bu qədər  sevirəm səni"

Ədəbiyyat 10:56 / 17.11.2023 Baxış sayı: 2722

 

Girmişəm həyatla sonuncu mərcə,

Ürəyim dözərmi bir belə xərcə,

Hardan uçub gəldin, balaca "sərçə",

Dağıtdın başımdan dumanı-çəni.

Mən niyə bu qədər sevirəm səni..

 

Bir adi şəkildim duyğusuz, hisssiz,

Gələydin, gedəydin xəlvəti, izsiz,

Necə yaşamışıq bir-birimizsiz,

Öldürür dünəndən bu sual məni.

Mən niyə bu qədər sevirəm səni..

 

Ağzına dartınır boynum ülgücün,

Budu təntənəsi ilahi gücün,

Bəlkə bu sevgini göyərtmək üçün,

Səpildi yollara gözümün dəni...

Mən niyə bu qədər sevirəm səni.

 

Bir asi şair də inandı rəmlə,

Olan ağlımı da aldı bu həmlə,

Yığ məni hamıdan özündə cəmlə..

Səadət adası, sevgi vətəni..

Mən niyə bu qədər sevirəm səni..

 

Zəfər bayrağımsan hardan assalar,

Könlüm səmalara iltimas salar,

Bu yaşda yeri var daşa bassalar,

Mənimtək sərxoşu, dəlini, yəni..

Mən niyə bu qədər sevirəm səni...