Ayaz Arabaçı : - İndi bir az yaxşıyam

Ədəbiyyat 08:09 / 09.10.2024 Baxış sayı: 1627

İndi bir az yaxşıyam gəlib-gedən seyrəlib,

Canımdakı ağrılar balaca sakitləşib.

Qayıdıb öz yerinə təzyiq,iştaha,filan..

Amma səninlə bağlı xatirələr itləşib..

 

Çarpazlanıb sinəmdə qanı qaçmış əllərim,

Şükür əcəl adlanan o mənfur sap uzanıb..

Məzhun baxışlarını tavana zilləyərək,

Ağ vərəqin böyrünə qələm tirtap uzanıb.

 

Başımda arzuların axsaq atları yortur.

Könlümü məşğul etmir bir elə, tərlan-tülək..

Bu aralar çöldə də hava yoxdu sən deyən,

Yumurtası tərs gələn toyuğa dönüb külək..

 

Mənasını itirib uzun təfərrüatlar,

Günlər xeyli qısalıb,anlar xeyli daralıb..

Payızdı də tək elə ağacların deyil ki,

Elə adamların da rəngi-rufu saralıb..

 

Neyləsək də alınmır xəyal etdiyimiz tək,

Dünya böyük olsa da adama künc görünür..

Bir yer var ki,o yerdən aşağıya baxanda,

Yolunda öldüyümüz hər şey gülünc görünür..