Ələsgər Əlioğlu : - ETİBARSIZ QUŞ

YAZARLAR 16:44 / 17.06.2025 Baxış sayı: 1615

 

           ( Hekayə)

Turqut dən anbarına girmiş bir qarğanı tutdu.Karton qutudan ona yuva düzəltdi. Bir həftədən də çox ona qayğı göstərdi, dənini, suyunu bol elədi.Ona elə gəlirdi ki, qarğa artıq bu yuvaya öyrəşib. Buna görə də günlərin birində yuvanın ağzını açıb qarğanı havaya buraxdı.

Qarğa yuvadan çıxan kimi pırıldayıb uçdu və bir anın içində gözdən itdi.Turqut nə qədər gözlədisə, qarğa qayıdıb gəlmədi.

Oğlan çox kefsizlədi. Axır dözməyib ürəyini babasına açdı:

--Baba, mən qarğamı buraxdım ki, qonşumuz Zaurun göyərçinləri kimi bir az gəzib-dolanar, sonra yenidən yuvaya qayıdar. Ancaq o qayıtmadı...

Baba acı bir təbəssümlə üzünü nəvəsinə tutub dilləndi:

--Turqut, göyərçin etibarlı quşdur, qarğa isə yox... Sən qarğanı göyərçinə tay tutma...Qarğa göyərçinin bir dırnağı da ola bilməz.Göyərçin olan yerdə əmin-amanlıq, sülh höküm sürür. Qarğa olan yerdə qarıltı aləmi başına götürür... Qarğa harda yem tapdı, elə orada da bənd alır Yuva heç yadına düşmür...

Bu dediklərimi yadında saxla, bala. Bir də ki, heç kefini pozma, sənə göyərçin alacam. Onu bəsləyərsən!..

11.06.2025