SÜLEYMAN ABDULLA.: - AYRILIĞIN ŞEİRİ

Ədəbiyyat 13:17 / 17.06.2025 Baxış sayı: 801

 

Bir qılınc boydadır, bir...

mənzilbaşı,

Mənzildən qılınca baş ayrılıqdı.

Dedim ayrılığın atılsın daşı,

Arxamca atılan daş ayrılıqdı.

 

Uzaq qaçdı gözüm, yaxın tale çaş,

Daha sirmi qaldı olmağa sirdaş?

Bizdən iraqlarda qaralırdı qaş,

Əlinlə qovuşan qaş ayrılıqdı.

 

Başıma fırlanır göy, yer, unut e,

Niyə yazıldı bu şeir, unut e...

Dünyanı-münyanı boş ver, unut e,

Yanağında bir cüt yaş ayrılıqdı.

 

Biz nəyi bildik ki, bilək də kamı?!...

Söndürdü qara yel sonuncu şamı.

Hamının susduğu vida məqamı,

Kimsə pıçıldayan "kaş..." ayrılıqdı.