İSMAYIL MƏRCANLI İMANZADƏ : - BİZMİ GÜNAHKARIQ, YOXSA ZƏMANƏ

Ədəbiyyat 12:35 / 17.06.2025 Baxış sayı: 1394

· 

 

Bəlkə zəmanədir suçlu-günahkar,

Bəlkə aldanmışıq yamanlığa biz?

Yalan danışmağı bilməyəndə ar,

Çox tez üzə çıxdı boz sifətimiz.

 

Axı, heç bu qədər bölünməmişdik,

Birgə yaşamışdıq bir vaxt pis günü.

Bəs, niyə tamahın toruna düşdük,

Olduq zaman-zaman sərvət düşgünü.

 

Əl-əldən üzüldü, ürək-ürəkdən,

Keçdi aramızdan soyuq küləklər.

Bir ovuc torpağa həsrət qaldı dən,

Puç oldu ən ülvi arzu-diləklər...

 

Kasıbın başında çatladı hirsi,

Məddahlıq yaltağın ağlın çaşdıdı.

“Qara camaat”dan birini kürsü,

Birini şan-şöhrət uzaqlaşdıdı.

 

Qərq oldu zülmətdə neçə ağır köç,

Rəhmimiz gəlmədi sızlayan kəsə.

Dönüb gözümüzün ucuyla da heç

Baxmadıq, tapdanıb boğulan səsə...

 

Yaxşılar birbəbir qeybə çəkildi,

Sıçrayıb qabağa keçdi yamanlar.

Namərdin əlinə gözlər dikildi,

Biclərin bəxtini göyərtdi anlar.

 

Tamah əsir düşdü dünya malına,

Şeytana züy tutan günbəgün artdı.

Bir zalım güvənib güclü qoluna,

Gücsüzün yaxasın dartıb qopartdı...

 

İşi düşməyəndə “dost” dönür yada,

Yüz yol səsləsən də gəlmir yaxına.

“Mənəm-mənəm”-deyən “mən” olmasa da

Dolaşır hamının əl-ayagına.

 

Bizmi, zəmanəmi suçlu-günahkar,

Yamanlıq niyə tez qəlbdə saldı iz?

Hoppanıb qabağa sıçrayanda var,

Qəfil çıxdı üzə boz sifətimiz...

17.06.2022