Ayaz Arabaçı - Bu səhvdə qazancım mayamı yedi

Ədəbiyyat 15:40 / 10.05.2026 Baxış sayı: 555

Bu səhvdə qazancım mayamı yedi,

İndi də o səhvə gedirəm dədə.

Sabah nə olacaq Allaha pənah,

Qapandı bu səhifə gedirəm, dədə.

 

Kor bəxtin dizində falçı dururam,

Hər səhər yuxudan balçı dururam,

Dərdə də gedəndə alçı dururam,

Elə biı ki, kefə gedirəm dədə.

 

Küləknən, yağışnan təzələnirəm,

Yuvamda su kimi özələnirəm,

Bir ucuz bazardı, çözələnirəm,

Dönmüşəm kələfə gedirəm dədə.

 

Öküz cütləyirəm, kotan sürürəm,

İtim yorulanda özüm hürürəm,

İllərin gözünə kül üfürürəm,

Blefdən-blefə gedirəm dədə.

Bal kimi dadlıdı, bir acı qüllab,

Kəsmədim heç zaman hesabı pulla,

Əlinə keçəndən heybəmə tulla,

Başlanıb ərəfə, gedirəm dədə.

 

İtəsi-batası adım ha yoxdu,

Qurd məni nə yesin dadım ha yoxdu,

Sənnən zarafatım-zadım ha yoxdu,

Doğrudan bu dəfə gedirəm dədə.

 

Bir yuva haqqım var ağacdələndə,

Alaram üzümə həyat güləndə,

Canım çox yanıbdı işıqgələndə,

İtürən tərəfə gedirəm dədə.

 

Fırtına qopacaq sinəmdə, kəsin.

Havası tutubdu məni bir səsin,

Mən ölənə kimi heç kim ölməsin,

İçib bu şərəfə, gedirəm dədə.