Ay  Bəniz Əliyar - Durub guya şirin-şirin məktub yazıram...

Ədəbiyyat 21:04 / 03.11.2026 Baxış sayı: 277

Durub guya şirin-şirin məktub yazıram,

Nə məktubu? İndi "mesaj" deyirlər ona.

Gücüm çatmaz bu aşılmaz "sədd"ləri qıram,

Rabitələr sığıb indi bir telefona.

 

Gah yazıram, gah redaktə edirəm sözü,

Əsim-əsim titrəyirəm hər kəlmədə mən.

Düşünürəm, görən varmı mənim kimisi,

Yazdığını əlli dəfə hey ölçüb-biçən?

 

Düzdür, indi artıb-azıb min bir icadlar,

Vaxtdan yana çəkilməzdi nə xiffət, nə qəm.

Hətta yazıb göndərdiyim mesajlar ki, var,

Onu belə telefondan silə bilərəm.

Yəqin şeytan icad edib bu telefonu,

Nə əl yatır bir iş görəm, nə işlər taraz.

Şair işi darıxmaqdı, bilərsiz bunu,

İmkan vermir gələn zənglər darıxam bir az.

Eh, anamı görməyə də getmirəm daha,

Bu "görüş"lər oyuncaqdı telefon üçün.

Sığır ələ-ovuca, bax, bu boyda cahan,

Canlı açır, anamı da görürəm hər gün.