Aysel  Xanlarqizi Səfərli - Adamların zəhər sözün

Ədəbiyyat 12:40 / 03.11.2026 Baxış sayı: 596

Adamların zəhər sözün

Oyaq başla çəkmək olmur,

Tanrım, mənə yuxu ver…

Alışmışam..,

Xoş nə varsa məndən alıb,

Doldurduğun qəlyanından

Gətir çəkim ahı, ver…

Düşüncəni, fikirləri,

Xoşbəxtliyin abidəsin

O adamın sözlərində

Yerdən yerə yıxıb, ver…

Bir orqan bağışı kimi,

Qürurumu, yaddaşımı, ver

alzheymer xəstəsinə,

Anam səhvən doğub,

ver…

Şans istəsəm , yolu azar,

Gülüş gözdə qəza edər.

Atılası nə dərdin var,

Hamısını yığıb, ver…

Tanrım,

gücün çatsa məni,

Təkrar zalım biri kimi

Bu dünyaya doğub ver…