Vahid Aslan - “Kəndin payızı” silsiləsindən
I
Adamlar əlindən alar barını,
Özü azuqəsiz qalar ağaclar.
Külək tərpətdikcə yarpaqlarını,
Ayrılıq havası çalar ağaclar.
Elə ki, payızın qırovu düşər,
Tək qalmaq qorxusu bağrını deşər,
Özü-öz içində yeknəsəkləşər,
Saralmış saçını yolar ağaclar.
...Bozarmış yollara baxıb,yorular,
Çılpaq budaqları qəmə yol olar,
Yaşıl libasını atıb kol olar,
Payızdan heyfini alar ağaclar.
II
...Dərələr kədərli,
Zirvələr fikirli,
Yollar yorğun kimidi,..
Ağacların yarpağı
Payızın sarı simidi,
Külək oxuyur yenə
Ayrılıq şərqisini...
III
Bir çığır uzanıb gedir,
Düz payızın içindən;
Bir cığır uzanıb gedir,
Durnaların köçündən;
Bu cığıra söykənib,
Düşünür qoca qarı;
Əlindəki əsası
Əldən salıb yolları;
Düşünür qoca qarı;
-Durnalar köç edirlər,
Bir “əlvida” şeirini
Göy üzünə köçürürlər...
Payızın içindən keçib,
Yol gedir qoca qarı;
Addımlayır yol üstündə
Dayanan ağaca sarı;
Ağacın budağından
Sonuncu yarpaq düşür,
Göy üzünə baxır qarı,
Könlünə torpaq düşür.
13.10.2013