Musa Yaqub - İKİLİK
Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular deyəlim,
Nə kəsdilər dilimi.
Əlibəy Hüseynzadə
Keçiddədir ayağım.
Keçid yolu bir addım.
Nə qoydular keçəlim.
Nə qoydular qayıdım.
Tüstülənər ocağım –
Könlümün dəmxanası.
Nə yağışdan sönəsi,
Nə küləkdən yanası.
Nə durmusan qara daş,
Ayrıcında yolumun?!
Nə yol tutmaq gücüm var,
Nə taqəti qolumun.
Haqqın əli uzalı,
Durum, tutum, tapışım –
Nə çəkdilər üzülüm,
Nə qoydular yapışım.
Ah, bu Vətən torpağı,
Alındı baş qalası –
Nə yolunda şəhidəm,
Nə qəhrəman balası.
Daş altında toxumum,
Yanır çölüm, içərim.
Nə sıxdılar çürüyüm,
Nə qoydular cücərim.
Məlikməmməd nağlıyam,
Bu quyunun dibimi?..
Nə çəkdilər quyudan,
Nə kəsdilər ipimi.
12 sentyabr 2000