Arzu Əsəd : - Qalanı xatirədir.

YAZARLAR 14:29 / 17.02.2025 Baxış sayı: 1112

 

Niyə çıxdıq yola biz?

Dəli olub bu dəniz,

Bir adadır sevgimiz,

Hər yanı xatirədir.

Niyə yanır bu ocaq?

Yanıb külü qalacaq.

Bilmirəm nə olacaq?

Olanı xatirədir.

Qar yağır narın-narın,

Üzü gülür dağların,

O yaşıl yarpaqların

Solanı xatirədir.

Gerçəkdir, yoxsa yalan,

Gəlib keçdi nə zaman?

Sevginin ömrü bir an,

Qalanı xatirədir.

Baba Vəziroğlunun bu şeirini hələ bir də mahnı şəklində dinləyəndə hansı azərbaycanlının ürəyi ehtizaza gəlməyib, onu bir də, bir də dinləmək istəməyib? Onun onlarla şeirinə əksər bəstəkarlarımız tərəfindən bəstələnən mahnıları dillərin əzbəridir. Dünən Baba Vəziroğlu haqqında şəxsiyyət və intellektlərinə hörmət bəslədiyim dostlarımızdan Etibar Əliyev və Orxan Saffari ironiyalı, aqressiv, sanki adamın bütün həyat və yaradıcılığını darmadağın etmək məqsədi daşıyan iki status yazıb.

Gün keçdi. Adamın həyatı da, yaradıcılığı da yerindədir. Hələ bir az da gündəmə gəlmək münasibətilə diqqət mərkəzində oldu. Şəxsən mən o statusları oxuduqdan sonra bir daha Alim Qasımovun ifasında "Xatirədir" mahnısına yenidən bir neçə dəfə qulaq asdım. "Dəli olub bu dəniz". Bir şairin təkcə belə bir misranı yazması - yüksək poetik ekstaza və onun belə gözəl metaforik ifadəsinə çatması üçün istedadının, mütaliəsinin, həyat təcrübəsinin hansı səviyyəyə yüksəlməsini içində şeir-sənət duyğusu olan hər bir normal adam dərk edə bilər.

Sizi nə qane eləmir, əziz dostlar? Belə bir şairə, mahnıları həqiqətən dillərdə əzbər olan sənət adamına "əməkdar incəsənət xadimi" adını da çox görürsünüz? Baba Vəziroğlu filan nazirlə dostdur! Onun şeirlərinə hansısa nazir mahnı yazır! Bunun məsələyə nə dəxli varmış ki? Stalin demiş, "budim zavidovat", yəni, bizə yalnız paxıllıq eləmək qalır. Demək, adamın intellekti, dünyagörüşü, qabiliyyəti o səviyyədədir ki, bir naziri də ədəbiyyat, sənət aləminə cəlb edə bilib. Həmin nazir də bir şairlə olan əməkdaşlığı, dostluğu ilə fəxr edir. Bunun nəyi pisdir? İnsanların bir-biri ilə şəxsi münasibətləri bir mətbəxdir. Bu mətbəxə niyə belə həyət-bacaya geyindiyimiz ayaqqabılarla daxil olmalıyıq ki? Kimsə hansı bir yüksək vəzifədə olan şəxsin dostu ola bilər, kimsə qohumu ola bilər. Bunun məsələyə nə aidiyyatı? Siz niyə ədəbiyyatı xalqdan, cəmiyyətdən, cəmiyyətin siyasi elitası və bürokratiyasından qoparmaq istəyirsiniz? Yenidən bu proletar nifrətini niyə aşılayırsınız?

Ədəbiyyat, sənət cəmiyyətin bütün təbəqələrinə yaxın olmalı və özünün yumşaq gücü, obrazlı ifadəsi, humanist ideya və baxışları ilə fərdlərin mənəvi zənginliyinə nail olmaqla xalqın birliyinə, dövlətin sarsılmazlığına öz əvəzsiz töhfəsini verməlidir. Baba Vəziroğlu heç vaxt özünün inqilabçı olduğunu iddia etməyib. Millətinin, dövlətinin əleyhinə olan heç bir addım da atmayıb. Xalqın ağrısına, acısına, sevincinə, nailiyyətlərinə şərik olmaqla normal, orta səviyyəli bir insan ömrü yaşamağa can atıb. Bu niyə onun ayağına günah kimi yazılmalıdır ki? Hansı meyarlarla, hansı etalonlarla? Şəxsiyyətə yönəlik belə yazılar haqqında yazılan adamın özündən çox, yazanın özünün daxili aləminin, onun hansısa daxili psixoloji konfliktlərindən çıxış axtarmasının ifadəsidir. Deyək ki, Orxan Saffari hələ özünü axtarışda olan bir gənc hesab edir və bir müddət özünü tapana kimi üzdə olan adamların, özünün dediyi kimi, "aşına zəhər qatmaqla" məşğul olmağa, sonra da bu məşğuliyyəti tərgidib tamam başqa istiqamətdə yazmağa söz verib.

Bu, əlbəttə, mümkün deyil, vərdişlər sonradan xarakterin daimi xüsusiyyətlərinə çevrilir. Amma onun yenə də bir bəhanəsi var ki, gəncdir və hələ müəyyən çılğınlıqlar və xətalar etmək haqqını özündə saxlayır. Səhifəsində daim intellektual təhlillərlə, gəncləri elmə-biliyə yönəlik materiallarla təhsilə, obyektivliyə, modern düşüncəyə təşviq edən hörmətli Etibar Əliyev niyə belə klassik-arxaik metodlarla şairin yaradıcılığının təhlilindən daha çox, onun şəxsiyyətinə yönəlik ifadələr işlədir? Mən hansısa naziri müdafiə etmərəm. Çünki, yaxşı bilirəm ki, onun mənim müdafiəmə qətiyyən ehtiyacı yoxdur. Hər hansı bir nazirin bir şairlə dostluq münasibətini şair üçün yox, məhz həmin nazir üçün böyük bir şərəf bilirəm.

Varlığında hər hansı bir istedad qığılcımı olan şairi isə müdafiə etmək lazımdır. Çünki o bu xalq üçün, bu xalqın dili, mənəviyyatının inkişafı üçün dəyərdir. Şeir haqqında, yaradıcılıq haqqında çox müxtəlif fikirlərdə olmaq olar. Amma müəyyən mütaliə və erudisiyaya malik olmaqla təkəbbürün bir səviyyəsinə çataraq daha çox intuisiyanın, fitri istedadın nümayəndələri olan və bütün dövrlərdə və cəmiyyətlərdə mənəvi inkişafın önündə duran və duracaq şair anlayışını müxtəlif şüuraltı vasitələrlə gözdən salmaq cəhdləri yolverilməzdir. Insanlığın bütün mənəviyyat və mahiyyətini, deməli, nəticədə həm də onun varlığını bitirə biləcək gözlənilən yeni rəqəmsal-texnoloji inqilab qarşısında insan oğlu məhz bu texnologiyalardan zəif olan rasional intellekti ilə yox, hər bir həqiqi intellektin əsası olan hissi idrakla, hisslərin ifadəsi olan şeir-sənət, fəlsəfə, yeni əxlaq və hüquq qanunlarının bərqərar olması ilə çıxa bilər.

Belə bir böhranlı tarixi şəraitdə hadisələrin düzgün olmayan təhlilindən doğan rasional-məntiqi düşüncəli erudit Etibar Əliyevin "şeir öz missiyasını başa çatdırıb" bəyanına qarşı yüz il əvvəl şair intuisiyası Müşfiqin dililə cavab verib "Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!" Bu şeirlərin hamısı yüksək keyfiyyətli, əsrləri aşacaq dahiyanə ədəbiyyat nümunələri olmayacaq. Bir çoxu kəmiyyət nümunəsi kimi öz zamanındaca əriyəcək. Lakin biosferada hər bir canlının, bitkinin öz funksiyası olduğu kimi poetik sferada da hər bir nümunənin, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi üçün, özünün mövcudluq haqqını tanımaq lazımdır.

Ona görə də əlaqədar şəxslər, mütəxəssislər insanların ən doğal mənəvi zərurəti və haqqı olan şeir yazmağı onlara eyib tutub, şair adını aşağılamaq, şairlərin şəxsiyyətlərinə aşağılayıcı sözlərlə hücuma keçmək kimi zərərli vərdişlərdən əl çəkib, günümüzdə yaranmış poetik nümunələrin peşəkar təhlili ilə məşğul olsalar, daha faydalı işlə məşğul olmuş olarlar. "Qalanı xatirədir".